Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında 27 il Ermənistan işğalı altında qalan və Azərbaycan Ordusunun uğurlu əks hücumları nəticəsində azad olunan Cəbrayıl rayonu haqqında özbək dilində bölmə istifadəyə verib.

Bölmədə rayon haqqında məlumat verilir. Qeyd olunur ki, Cəbrayıl rayonu sovet dövründə yaradılmasına baxmayaraq, bölgə qədim tarixə malikdir və buradakı abidələr, qəsrlər, dini ibadətgahlar, habelə  aşkar olunan qəbirlər, kurqanlar bir daha bu faktı təsdiq edir.

Diqqətə çatdırılır ki, Azərbaycan Respublikasının inzibati bölgəsi kimi Cəbrayıl rayonunun ərazisində 1 şəhər və 90-dan çox kənd vardı. Ermənistan silahlı qüvvələrinin 1993-cü ildə rayonu işğal etməsi nəticəsində məcburi köçkün sakinlər  respublikanın 58 rayon və şəhərində məskunlaşıb.

Özbək dilində “Jabrayil tumani” adlı bölmədə çoxsaylı faktlar, məlumatlar, statistika, fotoşəkillər, xəritələr, həmçinin bir sıra nəşrlərin daxil edildiyi ədəbiyyat siyahısı verilib.

İnformasiya bölməsində rayonun tarixi abidələrinə də xüsusi yer ayrılıb, Cəbrayıl rayonu ərazisindəki qəbir daşlarının, qoç heykəli olan abidələrin, müxtəlif türbələrin, habelə Azərbaycan tarixinin simvolu olan VIII-IX əsrlərə aid Xudafərin körpüsü haqqında məlumatlar öz əksini tapıb.

Özbəkistandakı Heydər Əliyev adına AMM-dən bildirilib ki, yaxın günlərdə dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudafərin körpüsü haqqında xüsusi bölmə də özbək dilində istifadəyə veriləcək.

Özbək dilində yaradılmış Cəbrayıl rayonu haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Jabrayil_tumani linkində tanış olmaq mümkündür.