Meksikanın Qvadalaxara şəhəri UNESCO tərəfindən 2022-ci il üzrə “Dünya kitab paytaxtı” elan edilib. Bu barədə UNESCO-nun Baş direktoru Odre Azule açıqlama verib.

1987-ci ildən bəri beynəlxalq kitab yarmarkalarının keçirildiyi Qvadalaxara üçün proqram üç strateji istiqamətdə cəmlənib: parklarda və digər əlçatan yerlərdə qiraət vasitəsilə ictimai məkanların bərpası, xüsusən uşaqlar üçün oxuma və yazma üzrə seminarların köməyi ilə sosial əlaqələr və mütəşəkkillik, nəsillərarası əlaqələrin, hekayə və küçə poeziyasının köməyi ilə orijinallığın möhkəmləndirilməsi. Qvadalaxara Beynəlxalq Kitab Yarmarkası (FİL Guadalajara) böyüklüyünə görə Frankfurt yarmarkasından sonra ikinci yerdədir.

İlin bayram şənlikləri 2022-ci il aprelin 23-də – Dünya Kitab və Müəllif Hüquqları Günündə başlayacaq.

UNESCO-nun “Dünya kitab paytaxtı” layihəsi 2001-ci ildən həyata keçirilir. Bu il həmin adı Kuala-Lumpur (Malayziya) daşıyır, 2021-ci ilin “paytaxtı” isə Tbilisi (Gürcüstan) olacaq. Qvadalaxara bu titulu alan iyirmi ikinci şəhərdir.