Almaniyanın “Deutsche Welle” (“Alman dalğası”) informasiya agentliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yayıb.

Məqalədə bir aydan çoxdur Ermənistan və Azərbaycan arasında müharibənin davam etdiyi, üç dəfə əldə edilən atəşkəs razılaşmasının pozulduğu qeyd edilir.

Bildirilir ki, Azərbaycan Ermənistan qoşunlarının Dağlıq Qarabağdan tamamilə çıxarılmasını tələb edir. Ermənistanın baş naziri rəsmi olaraq Rusiyadan yardım xahiş edib. Rusiya isə bildirib ki, müharibə yalnız Ermənistan ərazisinə keçəcəyi təqdirdə yardım göstərilə bilər.

Məqalədə qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsi onilliklərdir davam edir. Beynəlxalq hüquqa əsasən, bölgə Azərbaycana məxsusdur.

Yazıda Ermənistanın Gəncə və Bərdəyə raket hücumları barədə də məlumat verilir.

Bildirilir ki, hücum nəticəsində onlarla insan ölüb. Məqaləyə Ermənistanın raket atəşi nəticəsində dağılmış evlərin və infrastrukturun şəkilləri əlavə olunub.