Xorvatiyanın işgüzar dairələri arasında məşhur olan “Poslovni dnevnik” qəzetində və “poslovni.hr” onlayn portalında “Ermənistan-Azərbaycan münaqişəsinin iqtisadi tərəfləri” adlı məqalə dərc olunub.

Məqalədə işğal olunmuş Azərbaycan ərazilərinin təbii sərvətlərinin Ermənistan tərəfindən qanunsuz istismarı barədə Azərbaycan Xarici İşlər Nazirliyinin hesabatına nəzər salınıb. Qeyd olunub ki, Ermənistan bu qanunsuz fəaliyyətə Fransa, ABŞ, Kanada, Avstraliya, İsveçrə və Rusiyadan erməni əsilli və ya erməni  diasporu ilə əlaqəli iş adamlarını cəlb edib.

Qanunsuz fəaliyyətlə məşğul olan “Franck Muller Group” barədə məlumat verilib. Bildirilib ki, şirkətin baş icraçı direktoru erməni əsilli Vartan Sirmakesdir. Onun iştirak etdiyi layihələrdən biri də Zəngilan bölgəsindəki Vejnəli qızıl yatağının istismarıdır. Qeyd olunub ki, Vardan Sirmakes Kəlbəcərdə Söyüdlü qızıl yatağında da qanunsuz əməliyyatlar həyata keçirib.

Məqalədə 10 iyun 2020-ci il tarixində Avropa Parlamenti üzvlərinin Ermənistanla Dağlıq Qarabağ arasında yeni avtomobil yolunun tikintisinin qəbuledilməz olması ilə bağlı bəyanatının mahiyyəti də oxuculara çatdırılıb. Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistan tərəfindən beynəlxalq miqyasda cinayətkarlar, maliyyə fırıldaqçıları və qanunsuz biznes üçün məkana çevrildiyi vurğulanıb.