İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət nazirlərinin 2009-cu il oktyabrın 15-də Bakıda keçirilmiş VI konfransında Qətərin paytaxtı Dohanın 2021-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi barədə qərar qəbul edilmişdi.

Qətərdə bu əlamətdar mədəniyyət hadisəsinə hazırlıq işləri davam edir. Noyabrın 1-də Qətər Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İCESCO) arasında videokonfrans formatında müzakirə keçirilib.

Qətər və İCESCO-nun səlahiyyətli nümayəndələri “İslam mədəniyyətinin paytaxtı” ili çərçivəsində keçiriləcək tədbirlər proqramı ətrafında fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, Dohada beynəlxalq sərgi, konfrans, simpoziumların, habelə mədəniyyət həftələrinin təşkili planlaşdırılır. COVİD-19 pandemiyası ilə əlaqədar bir sıra tədbirlərin virtual təşkili də istisna edilmir.

Qətərin Mədəniyyət Nazirliyi “Doha 2021 – İslam mədəniyyətinin paytaxtı” tədbirlərinin açılışını yanvarın 14-də, Beynəlxalq Kitab Sərgisi zamanı təşkil etməyi nəzərdə tutur.