“Əsas odur ki, işğal altındakı torpaqlarımız azad olunsun”
Müzəffər Azərbaycan Ordusu qarşısında ağır məğlubiyyət yaşayaraq canlı qüvvə və hərbi texnika itirən mənfur düşmən mülki əhalimizdən qisas almağa çalışır. Hər gün yaşayış məntəqələrimiz işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qalır. Düşmənin əsas məqsədi daha çox mülki şəxsin həlak olması, bununla da insanlar arasında qorxu yaratmaqdır.
Baş Prokurorluqdan verilən məlumata görə, 28 oktyabr 2020-ci il tarixdə Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq bu gün stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Beləliklə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb. Bundan başqa, 502 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası və 2 971 yaşayış evi yararsız vəziyyətə düşüb.
Azğın düşmən yaşayış məntəqələrimizi artilleriyadan atəşə tutmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, noyabrın 4-ü səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini artilleriya atəşinə tutub.
Ağcabədinin düşmənin mütəmadi artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindən biri Qaraxanlı kəndidir. Sentyabrın 27-dən indiyədək kənddə 6 ev dağılıb, 50-yə yaxın ev və yardımçı tikili zərər görüb.
Qaraxanlı kənd sakini Səhrəman Quliyev deyib: “Bu səhər ermənilər yenidən kəndə ondan çox mərmi atıblar. Düşmənin yaşayış məntəqələrimizi hədəfə alması biz sakinləri qorxutmur. Bilirik ki, qarşıda güclü Ordumuz var. Müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad edir. Bu isə bizə daha da güc verir. Tezliklə qələbə qazanacağımıza inanırıq”.
***
Ermənistan silahlı qüvvələri Tərtər rayonunda dinc əhaliyə qarşı beynəlxalq konvensiyalarda qadağan olunmuş fosforlu mərmilərdən istifadə edib. Rayonun Səhləbad kəndi ərazisinə atılmış fosforlu top mərmiləri xoşbəxtlikdən partlamayıb. ANAMA-nın əməkdaşı Mədət Məmmədov jurnalistlərə müsahibəsində bildirib ki, bu gün səhər 102 “Qaynar xətti”nə daxil olan məlumat əsasında əraziyə baxış keçirilib və iki ədəd partlamamış ağ fosforlu top mərmisi aşkarlanıb. 122 millimetrlik mərmilərin içərisində 3 kiloqram 800 qram ağ fosfor var. Mərmilər partlayıcı mexanizmlərindəki nasazlıq səbəbindən düşərkən partlamayıb. Fosforlu mərmilər partlayış yolu ilə yerində zərərsizləşdirilib.
Qeyd edək ki, fosforlu bombadan istifadənin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər var. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyası qəbul edilib. Bundan başqa, müharibə qurbanlarının qorunması haqqında 1949-cu il Cenevrə Konvensiyaları və Əlavə Protokollar, “Adi silahların konkret növləri haqqında Konvensiyaya” III protokol (1980) və s. sənədlər də mövcuddur. Həmin sənədlərdə qeyd olunub ki, istənilən şəraitdə mülki əhaliyə, ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silah tətbiq etməklə hücum qadağandır. Ermənistanın bu silahdan istifadə etməsi mülki Azərbaycan əhalisinə qarşı terror və təxribat törətmək məqsədi daşıyır.
***
Ermənistan silahlı qüvvələri noyabrın 4-ü gecə və səhər saatlarında Ağdam rayonunun işğal altında olmayan yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Rayon ərazisinə həmin gün ümumilikdə 60-dan çox mərmi atılıb. Əsasən əkin sahələrinə düşən mərmilər sakinlərin təsərrüfatlarına ziyan vurub.
Rayonun Böyükbəyli kənd sakini Vüqar Quliyev deyib: “Kəndimiz bu gün səhər yenidən artilleriya atəşinə tutulub. Mərmilərdən biri yaxınlıqda partladı. Heyvanlarımızdan tələf olanlar var. Lakin bu, bizi məyus etmir. Əsas odur ki, işğal altında olan torpaqlarımız azad edilsin. Bu işi də Ordumuz şərəflə yerinə yetirir. İnşallah, bütün ərazilərimiz işğaldan azad olsun, qurban kəsəcəyəm. Allah Ordumuzu qorusun. Qələbə bizimdir”.
Mənfur düşmən rayonun cəbhəyanı kəndləri ilə yanaşı, məcburi köçkünlər üçün salınmış qəsəbələri də artilleriya atəşinə tutur. Erməni hərbçilərinin genişmiqyaslı təxribatları nəticəsində təkcə Ağdam rayonunun Birinci Baharlı köçkün qəsəbəsində sentyabrın 27-dən indiyədək 13 ev, məktəb və uşaq bağçası dağılıb, 2 ev yanıb, 50-dən artıq evə, 3 mağazaya ziyan dəyib, 3 nəfər mülki şəxs yaralanıb.
Qəsəbə sakini Heydər Mirzəliyev deyib ki, sakinlərin yaşadığı evlər, həmçinin məktəb və uşaq bağçası düşmən tərəfindən hədəfə alınır: “Bütün bunlar erməni terrorunun, vandallığının göstəricisidir. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə ermənilərin bu vəhşiliyinə susur. Lakin Ordumuz cəbhədə düşmənə lazımi cavabı verir. İşğalçı erməni ordusuna sarsıdıcı zərbələr vuraraq torpaqlarımızı azad edir. Ordumuzla qürur duyuruq. İnşallah, tezliklə qələbə sevincini yaşayacağımıza əminik”.
***
Noyabrın 5-i səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub.
Səhər saatlarında Ağcabədi rayonunun Qiyaməddinli kəndinə düşmən tərəfindən 4 ədəd mərmi atılıb.
N.MƏMMƏDLİ