Bölgələrdə mədəniyyət müəssisələrinin Ordumuza dəstək aksiyaları davam edir

Bu günlərdə əzəli torpaqlarımızı düşmən tapdağından azad edən müzəffər Ordumuza maddi və mənəvi dəstək aksiyaları keçirilir. “Əsgərə məktub” layihəsi də düşmənə sarsıdıcı zərbə vuran qəhrəman hərbçilərimizə ruh yüksəkliyi aşılamaq məqsədi daşıyır.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin kənd filiallarının fəal oxucuları bu layihəyə qoşularaq əsgərlərimizə onlarla məktub ünvanlayıblar. Məktublarda kitabxananın balaca oxucuları Vətənin keşiyində ayıq-sayıq dayanan cəsur əsgərlərimizə ürək sözlərini qeyd ediblər.

Regional idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə müxtəlif videoçarxlar da hazırlayırlar. İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tabeliyindəki Ağbulaq kənd klubu, İsmayıllı MKS-nin Uşaq şöbəsi və Şamaxı MKS-nin Uşaq şöbəsi vətənsevərlik ruhlu videoçarxlar ərsəyə gətiriblər.

***

Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Neftc­̧ala rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları əsgər analarına baş çəkiblər. Ziyarət zamanı mərkəzin işçiləri Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun cəbhənin bütün istiqamətlərində əldə etdiyi uğurlardan danışaraq, qəhrəman övladlar böyütdüklərinə görə əsgər analarına minnətdarlıqlarını bildiriblər.

Əsgər anaları mənfur düşmənlərimizlə savaşda igidlik göstərən övladları ilə fəxr etdiklərini, şanlı Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal olunmuş bütün torpaqlarımızı azad edəcəyinə əminliklərini ifadə ediblər.

NURƏDDİN