ABŞ-ın iri media qurumlarından olan “Los-Angeles Times” qəzetində azərbaycanlı məcburi köçkünlər barədə material dərc edilib. Jurnalist Nabi Bulos Dağlıq Qarabağdan olan məcburi köçkünlərin taleyi barədə yazır. Məqalədə qeyd edilir ki, 1990-cı illərdə gedən müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağa və ona bitişik yeddi rayona nəzarəti itirib. Dağlıq Qarabağdan və ətraf rayonlardan olan məcburi köçkünlərin sayı 1 milyondan çoxdur. Bu illər ərzində məktəblərdə, yataqxanalarda və digər müvəqqəti məkanlarda yaşayan insanlar üçün həqiqət anı yetişib.

Müəllif yazır ki, indi Azərbaycanın hər yerində müharibə ab-havası var. “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarını hər yerdə görmək olar. Bakı aeroportunda, binaların və maşınların üzərində, bulvarda, ərzaq mağazalarının rəfləri üzərindəki bannerlərdə, cəbhə xəttindən çox uzaqda yerləşən şəhərlərdə, bankomat ekranlarında bu şüarın yazıldığı elektron reklam lövhələri görmək olar.

Məqalədə daha sonra deyilir ki, Azərbaycanda birlik var, insanlar Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Hətta müxalifət partiyaları da istisnasız olaraq müharibə tərəfdarlarıdır.

Müəllif qeyd edir ki, iyul ayında Tovuz rayonunda Ermənistan qoşunları Azərbaycan qoşunlarının mövqelərinə və sərhədyanı yaşayış məntəqələrinə hücum edəndən sonra Bakıda minlərlə adamın iştirak etdiyi mitinqlər keçirildi, müharibəyə çağırış səsləndi. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev qəzetin müxbirinə bildirib ki, iyul hadisələri ictimai rəyi tamamilə dəyişdi. O deyib: “Ermənilər qırmızı xətti keçdilər və yeni nəsil bu təhqirdən xilas olmaq istəyir”.

Məqalədə vurğulanır ki, məcburi köçkünlər üçün bu müharibə onların 1990-cı illərdə tərk etdikləri evlərinə qayıtmaq üçün ümid yeridir. Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılması üçün əks-hücum göstərir ki, son on il ərzində ordu modernləşdirilmə məqsədilə alınmış arsenal hesabına möhkəmlənib. İsraildən və Türkiyədən alınmış dronlar Azərbaycan qoşunlarına erməni qoşunlarının müdafiəsini asanlıqla yarmağa imkan verib. Yazıda, həmçinin diqqətə çatdırılır ki, noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri Azərbaycan xalqı üçün xüsusi mədəni əhəmiyyət kəsb edən strateji Şuşa şəhərini azad edib.