Şanlı tariximizin yeni səhifələrinin yazıldığı bu günlərdə mədəniyyət müəssisələri tərəfindən də müzəffər Ordumuza maddi və mənəvi dəstək aksiyaları keçirilir.

Ağdaş Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 9330 manat vəsait köçürülüb. Eyni zamanda cəbhə bölgəsinə isti geyimlər və digər zəruri ləvazimat göndərilib.

Bu günlərdə həmçinin Azərbaycanda elan edilmiş qismən səfərbərliklə əlaqədar olaraq hərbi xidmətə yollanmış mədəniyyət işçilərinin ailələri regional idarənin rəhbərliyi və əməkdaşlar tərəfindən ziyarət olunub.

***

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qobustan rayon Rəşid Behbudov adına Uşaq incəsənət məktəbi və Şamaxı rayon Heydər Əliyev Mərkəzi vətənpərvərlik ruhunda videoçarx hazırlayıb.

Regional idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri 9 Noyabr - Bayraq Günü münasibətilə də videoçarxlar hazırlayıblar. Qobustan rayon mədəniyyət müəssisələri, Şamaxı, Ağsu, Qobustan rayon MKS-lərin uşaq şöbələri, İsmayıllı rayon MKS-nin Basqal qəsəbə, Talıstan, Qubaxəlilli, Ruşan, Ağbulaq, Qurbanəfəndi və digər kənd kitabxana filialları videoçarxlar ərsəyə gətiriblər.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsinin oxu zalında pandemiya şəraiti tələblərinə riayət etməklə “Vətənpərvərlik ülvi bir hissdir” adlı tədbir keçirilib. Baş kitabxanaçı Nazilə Əsədullayeva qeyd edib ki, vətənpərvərlik əsrlərlə insanların qan yaddaşına həkk olunmuş hisslərdəndir. Vətəni sevmədən, qorumadan, ata-babalarımızın keçdikləri yollara nəzər salmadan, onların qəhrəmanlıq nümunələrini öyrənmədən vətənpərvər yetirmək olmaz. Vətən müqəddəsdir, ülvidir.

Fəal oxuculardan Həlimə Zeynallı, Xanım Sultanova “Azərbaycanım” şeirini söyləyiblər.

Quba rayon MKS-nin və Bəşir Səfəroğlu adına rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə mərkəzin foyesində 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayrağımız qürur mənbəyimizdir” mövzulu tədbir keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov bildirib ki, bayraq hər bir müstəqil dövlətin qürur mənbəyidir. Azərbaycan dövləti bayrağımızın şərəfini həmişə uca tutur.

Mədəniyyət mərkəzinin direktoru Ramiz Ramazanov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra üçrəngli bayrağımız kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Tədbirin sonunda Bayraq Gününə həsr olunmuş kitab sərgisi və həvəskar rəssamların vətənpərvərlik mövzusunda əl işlərinə baxış keçirilib.

N.MƏMMƏDLİ