Ölkə ərazisində Qələbə Günü böyük coşqu ilə qeyd olunub
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da gecəyarısı xalqımıza müraciət edərək şanlı Qələbə xəbərini – işğalçı Ermənistanın təslim olmasının müjdəsini verdi.
Beləliklə, əzəli yurd yerlərimizin 30 il davam edən işğalına son qoyuldu. Dövlət başçısının tarixi müraciətindən sonra paytaxt və bölgələrdə küçələrə axışan insanlar şanlı zəfər sevincini böyük ruh yüksəkliyi ilə qarşılayıblar.
Gecə saatlarından paytaxtın küçə və meydanlarına axın edən sakinlər Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıraraq böyük coşqu ilə “Qarabağ Azərbaycandır!”, “Yaşasın Ali Baş Komandan!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər. Qələbə sevinci yaşayan insanlar bayraqlarla bəzənmiş avtomobillərlə yürüş ediblər.
***
Qələbə müjdəsi paytaxtla yanaşı, bölgələrdə də böyük sevinclə qarşılanıb. Yevlax sakinləri əllərində Azərbaycan bayrağı və Ali Baş Komandanın portretləri şəhərin prospekt və küçələri ilə mərkəzi meydana axışaraq “Qarabağ Azərbaycandır!”, “Yaşasın Ali Baş Komandan!”, “Yaşasın Azərbaycan Ordusu!” kimi şüarlar səsləndirib, musiqi sədaları altında rəqs ediblər.
***
İşğalçı Ermənistanın Ali Baş Komandan İlham Əliyevin şərtlərini qəbul edərək, məğlubiyyətlə barışmasını və bununla bağlı bəyanatı imzalamasını Lənkəran sakinləri də bayram coşqusu ilə qarşılayıb. Qələbəyə sevinən lənkəranlılar tarixi zəfəri əllərində bayraqlar, müxtəlif şüarlarla qeyd ediblər.
***
Uzun illərdir yurd nisgili ilə yaşayan Ağdam sakinləri sevinclərini paylaşmaq üçün müvəqqəti məskunlaşdıqları Quzanlı qəsəbəsinin küçələrinə çıxıblar. Əllərində üçrəngli bayrağımız və Ali Baş Komandanın portretləri olan sakinlər şanlı Qələbəni yüksək əhval-ruhiyyə ilə qarşılayıblar. Ağdamlılar bu sevinc və qürur hisslərini onlara yaşatdığına görə dövlətimizin başçısına minnətdarlıq ediblər. Hər tərəfi “Yaşasın Ali Baş Komandan!”, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan Ordusuna eşq olsun!”, “Qələbə bizimdir!” sədaları bürüyüb.
***
Qələbə xəbəri Gəncədə də böyük coşqu və sevinc hissi ilə qarşılanıb. Şəhərin küçə və prospektlərinə çıxan sakinlər qələbəni qürur hissi ilə qeyd ediblər. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan minlərlə gəncəli rəşadətli Ordumuza, qalib əsgərimizə minnətdarlıqlarını ifadə ediblər.
***
Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək şanlı Qələbə xəbərini verməsindən sonra xaçmazlılar da zəfər bayramını qeyd etməyə başlayıblar. Yüzlərlə rayon sakini Xaçmaz şəhərinin küçələrində Ordumuzu, Ali Baş Komandan İlham Əliyevi dəstəkləyən şüarlar səsləndirib, avtomobillərlə yürüş ediblər. Daha sonra şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gələn rayon sakinləri bir-birini böyük Qələbə münasibətilə təbrik edib, sevinclərini bölüşüblər.
***
Şanlı Qələbə xəbərini eşidən İsmayıllı sakinləri gecə saatlarından etibarən əllərində Azərbaycan və Türkiyə bayraqları, dillərində vətənpərvər şüarlarla izdihamlı yürüş ediblər. Yürüşə çıxan minlərlə insan şəhərin mərkəzindən, ulu öndər Heydər Əliyevin abidəsi önündən başlayaraq Şəhidlər xiyabanına qədər gəliblər. Burada “Yaşasın Müzəffər Ali Baş Komandan!”, “Qarabağ bizimdir!”, “Yaşasın şanlı Azərbaycan Ordusu!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Şəhidlərin qanı yerdə qalmadı!” kimi şüarlar səsləndiriblər.
***
Şəmkirlilər Ali Baş Komandanın müraciətindən sonra bu tarixi günün sevincini birlikdə bölüşmək üçün küçələrə çıxıblar. Əllərində Azərbaycan bayraqları, Prezident İlham Əliyevin portretlərini tutan, vətənsevərlik şüarları səsləndirən sakinlər coşqu ilə qələbə yürüşünə qoşulublar.
***
İmişlidə böyükdən-kiçiyə hər kəs küçələrə üz tutaraq qələbə hisslərini bir-biri ilə bölüşüb. İmişli sakini, şəhid bacısı Cəmilə İbrahimova bu şanlı tarixi belə ifadə edib: “Bu şanlı tarix bizim üçün ən böyük bayram oldu. Mənim qardaşım da 1-ci Qarabağ müharibəsi zamanı şəhid olub. İndi mənim qardaşımla birlikdə bütün şəhidlərimizin qisası alındı. Torpaqlarımız azad edildi, bu günü bizə yaşadan Ali Baş Komandana, Ordumuza minnətdarıq”.
***
Qax rayonunun sakinləri Qələbə sorağını yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər. Qax şəhərində möhtəşəm zəfər yürüşü keçirilib. Şəhərin mərkəzindən start götürən yürüş Bayraq meydanı kompleksinədək davam edib. Əllərində Azərbaycan və Türkiyə bayraqları Heydər Əliyev prospekti ilə hərəkət edən yürüş iştirakçıları yolboyu doğma Vətənə, onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, Müzəffər Ali Baş Komandana, torpaqlarımızın bölünməzliyinə, şəhidlərimizin ölməzliyinə dair şüarlar səsləndiriblər.
***
Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş maşın karvanları ilə şəhər ərazisində yürüş edən astaralılar da öz sevinclərini bölüşüblər. Astara şəhərindəki dənizkənarı park-bulvar kompleksinə axışan rayon sakinləri müxtəlif şüarlar səsləndiriblər. Rayonun bədii özfəaliyyət kollektivlərinin üzvləri vətənpərvərlik mövzusunda mahnılar ifa edib, şeirlər söyləyiblər.
***
Qələbə xəbərindən sonra Naxçıvan Muxtar Respublikasının bütün rayon və şəhərlərində də böyük bayram sevinci yaşanıb. Naxçıvan şəhərinin sakinləri gecə saatlarından başlayaraq meydanlara axışıb, “Yaşasın Müzəffər Ali Baş Komandan!”, “Yaşasın qəhrəman Azərbaycan Ordusu!”, “Qarabağ Azərbaycandır!”, “Qələbə bizimdir!”, “Bir millət, iki dövlət!” şüarları səsləndiriblər. Əllərində Ali Baş Komandanın portreti, Azərbaycan və Türkiyə bayraqları tutan gənclər şanlı Ordumuzla, dövlətimizlə qürur duyduqlarını bildiriblər.