Noyabrın 8-də Azərbaycan Ordusunun əldə etdiyi zəfər, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi ilə bağlı Füzuli rayonunda yürüş-aksiya keçirilib.

Avtomobil karvanı rayonun girişindən Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısınadək hərəkət edib. Əlində Azərbaycan bayrağı tutmuş füzulililər bir-birini təbrik edib, zəfər sevincini bölüşüblər. Heydər Əliyev Mərkəzinin qarşısındakı aksiyada iştirakçılar “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan ordusu!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər. Füzuli Dövlət Dram Teatrı aktyorlarının təqdimatında kompozisiya nümayiş olunub.

***

Noyabrın 9-da Ağsu şəhərinin küçələri də izdihamlı idi. Ağsu-Kürdəmir yolunun başlanğıcından avtomobillər, ardınca isə piyadalar bayraq yürüşünə çıxmışdı. Polisin müşayiəti ilə keçirilən yürüş şəhərin bütün mərkəzi küçə və prospektlərini əhatə edib. İnsanlar Dövlət Bayrağı Günü və Şuşanın işğaldan azad edilməsi münasibətilə bir-birlərini təbrik edib, bütün Qarabağın tezliklə tam azad olunmasını səbirsizliklə gözlədiklərini bildiriblər.

***

Qusarda 9 Noyabr - Dövlət Bayrağı Günü böyük coşqu ilə qeyd olunub.  Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş avtomobillər şəhər boyu yürüş edərək bayram əhval-ruhiyyəsi yaradıb.

Yürüş iştirakçıları Bayraq meydanından keçərək 1918-ci ildə “Qanlı dərə”də qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidənin ətrafında toplaşıblar. Burada Qusar Dövlət Ləzgi Dram Teatrının aktyor heyəti qəhrəman döyüşçülərimiz tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması səhnəsini təqdim edib.

***

Balakəndə də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin erməni işğalından azad edilməsi və Dövlət Bayrağı Gününü böyük coşqu ilə qeyd edilib. Noyabrın 9-da Balakən şəhərində bayraq yürüşü keçirilib. Bayraq Muzeyinin qarşısından start götürən ümumrayon yürüşünün iştirakçıları dövlət atributlarımızdan olan Azərbaycan bayrağına hörmət və ehtiramlarını bildirib, doğma Vətənimizə, onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, torpaqlarımızın bölünməzliyinə, şəhidlərimizin ölməzliyinə dair şüarlar səsləndiriblər.

Sonra yürüş iştirakçıları Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.