Ermənilərin işğal altındakı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid abidələri dağıtmalarında, yaxud dəyişdirərək özününküləşdirmək cəhdlərində məqsəd bu yerlərin erməni torpaqları olması barədə iddiaları əsaslandırmaqdır.

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, Beynəlxalq Memarlar Akademiyasının üzvü Faiq İsmayılov qeyd edir ki, işğalçıların özününküləşdirmək istədikləri belə abidələrdən biri də Ağdam rayonundakı Şahbulaq qalasıdır.

Qarabağ tarixçilərinin məlumatına görə, Qarabağ xanlığının banisi Pənahəli xan “Şah bulağı” adı ilə məşhur olan bulağın yanında bir saray kompleksi tikdirib. Saray yerli inşaat materialları-əhəngdən və dağ daşlarından inşa olunub. Onu “Kilid-qıfıl” da adlandırırdılar. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə görə, saray kompleksinin tikildiyi ərazidəki bulağın əvvəlki adı “Kilid-qıfıl” olub. Maraqlıdır ki, saray kompleksinin planında və quruluşunda da kilidi xatırladan elementlərdən istifadə edilib.

Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Tikinti iki ilə (1750-1752) başa çatıb. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Saray plana əsasən düzbucaqlı formada tikilib. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunub. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi.

F.İsmayılov bildirir ki, Şahbulaq qalası bir müddət Qarabağ xanlığının inzibati mərkəzi olub. Qala sıldırım qayalarla hərtərəfli örtülmüşdü, təhlükəsiz yer idi. Lakin bir müddət sonra yaxınları Pənahəli xana daha təhlükəsiz yerdə yeni qalanın inşasını məsləhət görürlər. Beləliklə, Şuşa qalasının inşasına qərar verilir. Yeni qalanın tikintisində Şahbulaq qalasının memarlığından istifadə olunub. Şuşa qalası bütün qaladaxili qəsrlərinin memarlıq-planlaşdırma və strukturu baxımından, demək olar ki, Şahbulaq qəsrinin xüsusiyyətlərini təkrarlayır. Mərkəz Şuşa qalasına köçürüldükdən sonra Şahbulaq qalası xanlığın yay iqamətgahına çevrilir.

1993-cü ildə Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Şahbulaq qalasının memarlıq quruluşu ermənilər tərəfindən dəyişdirilib. 2016-cı ildə abidənin giriş qapısının önünə sağ və sol tərəfi oval xarakterli tikinti quraşdırılıb. Bu isə abidənin keçən əsrin əvvəllərində çəkilən layihə-smeta sənədlərində öz əksini tapmır. 2017-ci ildə bu abidə Ermənistanın Qarabağda keçirdiyi hərbi manevrlər zamanı atəş altına düşüb və abidəyə edilən əlavənin sol küncü uçurdulub. Abidənin divarları üzərindən ornamental oymalar və yazılar silinib, mühafizə divarlarının bayır hissəsi, eləcə də daxili interyerləri sökülərək mişar daşları və erməni xaçları ilə əvəz olunub.

“Bu gün müzəffər Ordumuz tarixi ata-baba torpaqlarımızı işğaldan azad edir. Əminik ki, Ermənistan dövləti işğal etdiyi ərazilərimizdə törətdiyi bütün vandal aktlara görə beynəlxalq hüquq qarşısında cavab verəcək”, – deyə F.İsmayılov qeyd edib.