İtaliya-Azərbaycan Birliyinin təşəbbüsü ilə 9 Noyabr – Dövlət Bayraq Günü münasibətilə İtaliyanın Roma və Piza şəhərlərində tədbir keçirilib.

İtaliyada təhsil alan azərbaycanlı gənclərin iştirakı ilə təşkil olunan tədbirlərdə Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan üçrəngli bayrağın ölkəmizin işğal olunmuş torpaqlarında yenidən dalğalanmasının dünyada soydaşlarımıza fərəh hissi bəxş etdiyi vurğulanıb.

Roma şəhərində “The Fontana della Dea Roma” meydanında italiyalı musiqiçilərin müşayiəti ilə “Ay Laçın” mahnısını ifa edən gənclər şəhər sakinlərinin diqqətini çəkiblər.

Tədbir iştirakçıları işğalçı Ermənistan ordusunun hərbi təxribatlarına, Azərbaycanın dinc əhalisini atəşə tutmasına, mülki obyektlərin dağıdılmasına dair məlumatverici lövhələr, plakatlar vasitəsilə Qarabağ həqiqətlərini İtaliya cəmiyyətinin diqqətinə çatdırmağa çalışıblar.