“Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir” – Ümummilli lider Heydər Əliyevin bu sözlərlə ifadə etdiyi Qarabağın mirvarisi, baş tacı Şuşa 2020-ci il noyabrın 8-də müzəffər Azərbaycan Ordusu tərəfindən azad edildi.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu tarixi hadisə münasibətilə “Qarabağı qarış-qarış tanıyaq” layihəsi çərçivəsində Şuşa şəhəri haqqında silsilə xarakterli videomateriallar hazırlayaraq geniş istifadəçi auditoriyasına təqdim edib.

“Qarabağımızın incisi Şuşa” adlı videoçarxda füsunkar Şuşanın tarixi, təbiətinin gözəllikləri, incəsənət nümunələri, mədəni dəyərləri olan xalçaçılıq, atçılıq, ipəkçilik, zərgərlik sənətləri haqqında geniş məlumat verilib.

Videoçarxda Şuşanın qədim mədəniyyət abidələri, incəsənət nümayəndələri haqqında fikirlər də yer alıb. Şuşanın Mir Möhsün Nəvvabın, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, bəstəkarlardan Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behdudovun və s. bu kimi nadir istedada malik insanların vətəni olması fikri səsləndirilib.

Bundan əlavə kitabxana əməkdaşları Səməd Vurğunun “Şuşa” şeirinə də videoçarx hazırlayıblar. Videoçarxda şeirin səsləndirilməsi  bir zamanlar “Qafqazın konservatoriyası” adını qazanmış Şuşanın görüntüləri ilə müşayiət edilir.

Hərbi vətənpərvərlik hisslərini tərənnüm edən bu video çarxlar sosial şəbəkə istifadəçiləri, xüsusilə də yeniyetmə və gənclər üçün öz məzmunu və maraqlı məlumatları sayəsində çox faydalı olacaq.

İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan videomateriallara  aşağıdakı linklər vasitəsilə baxa bilərlər.

https://www.instagram.com/p/CHVogHRBchk/

https://www.instagram.com/tv/CHKT2TLB3Zg/