Paytaxtın Səbail rayonunun Z.Əliyeva küçəsi 3 ünvanında yerləşən Bakı Şəhər Univermağının binasının Ə.Əlizadə küçəsi tərəfdə yerləşən, hazırda əyləncə məkanı kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin istifadəçisi tərəfindən binanın fasadına müdaxilə faktı müəyyən edilib.

Sözügedən bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (İnv. № 3459) dövlət qeydiyyatına alınıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları dərhal əraziyə baxış keçirərək abidəyə müdaxilə faktını qeydə alıb və təxirəsalınmaz tədbirlər həyata keçiriblər. Abidəyə dəyən ziyan müəyyən edilərək qeyri-yaşayış sahəsinin istifadəçisi İnzibati Xətalar Məcəlləsinə əsasən, cərimələnib.

Qeyri-yaşayış sahəsinin istifadəçisinə bildirilib ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Həmin qanunun 25-ci maddəsinə əsasən, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edildikdən sonra aparılır.

Hazırda binanın fasadı sonradan əlavə edilmiş boyalardan təmizlənir, abidənin ilkin vəziyyətinə qaytarılması istiqamətində iş aparılır.