Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə münasibətilə “İnstagram” səhifəsində paylaşım edib.

“Bu gün böyük gündür – Qələbə Günüdür! Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu! Tarixi ədalət bərpa olundu! Həqiqətən əlamətdar olan bu hadisə münasibətilə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm!”, – deyə paylaşımda bildirilir.

Qeyd olunur ki, biz uzun illər boyu həqiqətin və tarixi ədalətin təntənəsini gözləyirdik: “Azərbaycan bütün dünyaya göstərdi və sübut etdi ki, o, özünün işğal altında olan torpaqlarını müstəqil şəkildə, öz gücü ilə, öz qüdrəti ilə azad etməyə qadirdir və bunu etdi!”.

Qeyd olunur ki, bu müharibə bizə əsrlər boyu bildiyimiz bir həqiqəti – dost dar gündə tanınar həqiqətini bir daha sübut etdi: “Dünyadakı bütün dostlarımıza minnətdaram! Sağ olsunlar ki, bizim dərdimizə şərik oldular, Azərbaycan xalqını dəstəkləyən prinsipial və ədalətli mövqelərini açıq bildirdilər. Qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkürümü bildirirəm. Onların həmrəyliyi və dəstəyi hər bir azərbaycanlıda qürur hissi oyadır!”.

Mehriban Əliyeva kütləvi informasiya vasitələrinin nümayəndələrinə, xaricdə yaşayan soydaşlarımıza da təşəkkür edib: “Onların yüksək peşəkarlığı, obyektivliyi, qərəzsizliyi, operativliyi və məsuliyyəti sayəsində bugünkü Azərbaycan reallıqlarını dünyaya çatdırmaq mümkün oldu. Öz vətənlərinin hüdudlarından kənarda Azərbaycanın mövqeyini müdafiə edən və Ermənistanın işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə göstərən soydaşlarımız sağ olsunlar!”.

Birinci vitse-prezident arxa cəbhədə bir yumruq kimi birləşərək dövlətimizin qüdrətini və bizim həmrəyliyimizi bütün dünyaya nümayiş etdirmiş Azərbaycan xalqına minnətdarlığını ifadə edib:  “Sizin hamınızı Böyük Qələbə Günü münasibətilə təbrik edirəm! Böyük zəfər gününüz mübarək! Azərbaycanın şərəf və qüdrət günü mübarək! Qarabağın azad edilməsi günü mübarək! Biz Qələbə qazandıq! Qarabağ Azərbaycandır!”.