Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad edilən ərazilərə polis şöbələrini köçürməyə başlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocavənd Rayon Polis Şöbəsi işğaldan azad edilən Hadrut qəsəbəsinə yerləşdirilib.

Şuşa Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb. Şöbənin əməkdaşları artıq işğaldan azad edilmiş Şuşa şəhərindədir. Daxili işlər nazirinin əmri ilə Şuşa Şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub.

Daxili İşlər Nazirliyindən o da bildirilib ki, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.