Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın tarixi mərkəzinin UNESCO-nun Dünya irs siyahısına salınması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən nominasiya dosyesinin hazırlanması istiqamətində işlərə başlanılıb.

1977-ci ildə sovet Azərbaycanına rəhbərlik edən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Şuşa Tarix-Memarlıq Qoruğunun 2001-ci ildə UNESCO-nun Dünya irsinin ilkin siyahısına daxil edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Şuşa qoruğuna Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Xan qızı Natəvanın evi, Qarabağ xanının sarayı, Molla Pənah Vaqif türbəsi, Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərləri daxil idi. Şuşa şəhərində ümumilikdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən, 72 mühüm sənət və tarix abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri də şəhərin mədəni zənginliyinin göstəricisidir. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən qeyd edilən tarix-memarlıq abidələrinin vəziyyətinin öyrənilməsi ilə bağlı işlər aparılır.

Qeyd edək Dünya irs siyahısı UNESCO-nun Dünya mədəni və təbii irsinin qorunmasına dair 1972-ci il Konvensiyası əsasında yaradılıb. Bu Konvensiya Dünya irs siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan bu abidə və məkanlar ümumbəşəri irs elan edilməyə layiq görülür. Azərbaycandan Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, Qobustan qaya sənəti mədəni landşaftı və Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi bu siyahıda yer alır.