“Hamınızdan “Stepanakert” adını unutmağınızı xahiş edirəm. Azərbaycanda belə şəhər yoxdur, Xankəndi adlanan şəhər var. Xahiş edirəm, bu adı yadda saxlayasınız”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu sözləri Rusiyanın “RBK” telekanalına müsahibəsində deyib.

P.Bülbüloğlu vurğulayıb ki, əgər münaqişə tərəfləri Cənubi Qafqazda, həqiqətən, uzunmüddətli və sabit sülhə nail olmaq istəyirlərsə, o halda razılaşmanın bəndlərini qüsursuz yerinə yetirməlidirlər.

Dağlıq Qarabağda erməni əhalinin yaşaması barədə sualı cavablandıran diplomat qeyd edib ki, Azərbaycan tərəfi heç vaxt Dağlıq Qarabağdan erməni əhalinin qovulmasını qarşısına məqsəd qoymayıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu məqamı dəfələrlə vurğuladığını xatırladan diplomat bildirib ki, eyni zamanda Azərbaycan öz ərazilərində separatçı təzahürlərə heç vaxt imkan verməyəcək. Bu ərazi, birmənalı olaraq, Azərbaycan Respublikasına mənsubdur və o, Azərbaycan qanunları ilə yaşayacaq.

Səfir daha sonra deyib: “Dağlıq Qarabağda buraya qayıtmaq, sülh şəraitində yaşamaq və işləmək istəyən erməni millətindən olan vətəndaşlar qala bilərlər. Lakin onlardan hər hansı biri yenidən əlinə silah alarsa, o halda onlara terrorçulara qarşı olan münasibət göstəriləcək. Onlar başa düşməlidirlər ki, Azərbaycan Respublikasının qanunlarına uyğun yaşayacaqlar. Separatizm böyük bəladır. Əgər ona imkan verilərsə, o halda Avropada bir çox ölkələr bundan əziyyət çəkərlər. Azərbaycan da Rusiya kimi çoxmillətli və çoxkonfessiyalı ölkədir”.