İşğal altında olan ərazilərimizin erməni faşistlərindən təmizlənməsi uğrunda aparılan mübarizə bir daha sübut etdi ki, Azərbaycan xalqı özünün etnik, dini müxtəlifliyinə baxmayaraq, vahid, yenilməz və bölünməzdir. 

Bu sözlər Azərbaycanda yaşayan xalqların nümayəndələrinin Vətən müharibəsinin qalibiyyətlə başa çatması münasibətilə Prezident İlham Əliyevə ünvanladıqları müraciətdə vurğulanır.

“Biz – Azərbaycanda yaşayan xalqların nümayəndələri Sizin və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində vətənimiz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın mənfur düşmən işğalından azad edilməsi münasibətilə ürəkdən təbrik edir, yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayırıq. Məhz Sizin komandanlığınız altında şanlı Ordumuzun erməni işğalçıları üzərində qazandığı zəfərlər hər birimizdə qürur, iftixar hissləri yaradır”, – deyə müraciətdə qeyd olunur.

Bildirilir ki, məkrli düşmənin və onun əlaltılarının illər boyu apardıqları pozuculuq fəaliyyəti, təxribat cəhdləri nəinki tamamilə iflasa uğradı, eyni zamanda Vətən müharibəsi bizim əbədi və sarsılmaz qardaşlıq tellərimizi daha da möhkəmləndirdi: “Azərbaycan xalqlarının bütün nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə böyük fədakarlıq, vətənpərvərlik nümunəsi göstərdilər. Biz Azərbaycan əsgərlərini və şəhidlərimizi etnik və ya dini kimliklərinə görə ayırmırıq, onların hər biri bizim fəxrimiz, övladlarımız, bütöv Azərbaycan xalqının oğullarıdır”.

Müraciətdə 30 illik intizardan sonra qələbə sevincini yaşayan Azərbaycandakı xalqlar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunur: “Möhtərəm cənab Prezident, Sizi bir daha əmin edirik ki, Azərbaycan Respublikasının ərazisində yaşayan xalqlar həm doğma Vətənimizin müdafiəsində, milli dövlətçiliyimizin daha da inkişaf etməsində, ərazi bütövlüyümüzün qorunmasında, həm də dinc quruculuq işlərində Sizin fəaliyyətinizi bundan sonra da daim dəstəkləyəcək və yanınızda olacaqlar. Sizinlə fəxr edirik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Müraciəti Azərbaycanda yaşayan talış, kürd, ləzgi, avar, rus, tat, dağ və Avropa yəhudiləri, alban-udin, buduq, tatar, Ahısxa türkləri, ingiloy, gürcü  icmalarının nümayəndələri imzalayıb.