Ermənistanın hərbi təcavüzünə qarşı Azərbaycan Ordusunun sentyabrın 27-dən əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsi və ya İkinci Qarabağ müharibəsi noyabrın 10-da qələbə ilə başa çatdı. Azərbaycan dövləti, xalqı və Ordusunun birliyi müharibə sınağı qarşısında sarsılmaz bünövrəyə çevrildi. Azərbaycanın bütün maddi və mənəvi resursları qələbəyə hədəfləndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin illərin təcrübəsindən irəli gələn diplomatik istedadı, yenilməz Ordu yaratması qələbədə həlledici rol oynadı.

Bu fikirləri tarix elmləri doktoru, professor Kərim Şükürov deyib. O bildirib ki, Azərbaycan müharibə cəbhəsində əldə etdiyi qələbələrlə yanaşı, Ermənistanın işğal dövründə barbarcasına dağıtdığı, maddi mədəni irsini talan etdiyi, ekoloji fəlakət törətdiyi torpaqlarımızın idarəsi, dəyən ziyanın hesablanması və bərpa işləri ilə də bağlı çox əhəmiyyətli planlar irəli sürüb. Bu sahələr üzrə Prezidentin fərman və sərəncamları ciddi tarixi perspektivdən xəbər verir: “Sözsüz ki, bu Qələbə Azərbaycanın dostlarını sevindirdiyi kimi, müxtəlif miqyaslı anti-Azərbaycan qüvvələrə də təsir edəcək. Əminəm ki, xalqımız Azərbaycan Prezidentinin ətrafında bir yumruq kimi birləşərək bütün çətinliklərin öhdəsindən gələcək. Azərbaycanın Ermənistan üzərində tarixi Qələbəsinin yaratdığı ümummilli ruh yüksəkliyi, özünəinam pandemiya kimi ümumbəşəri bəlaya qarşı birləşməyə və onun üzərində də qələbəyə mühüm stimul olacaq”.