Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 27 sentyabrda  başlanan Vətən müharibəsinin qırx dörd gün sonra qalibiyyətlə başa çatması və işğalçı Ermənistanın faktiki kapitulyasiya bəyanatına imza atması dünya mediasında böyük rezonans doğurub. Müharibənin ilk günündən bu mövzuya geniş meydan verən qardaş Türkiyənin mediası 10 noyabr gecəsi Azərbaycan Prezidentinin elan etdiyi zəfəri də flaş xəbər olaraq, qəzetlər ön səhifələrində, aparıcı telekanallar isə canlı yayımla çatdırdılar.

Amerikadan Çinədək müxtəlif ölkələrin informasiya vasitələri də Azərbaycanın Qarabağda qazandığı zəfəri geniş işıqlandırır.

 

“The New York Times”: Ermənistan məğlubiyyətini etiraf etdi

 

ABŞ-da çıxan “The New York Times” qəzetində Azərbaycanın Ermənistan üzərində qələbəyə və atəşkəsə həsr olunmuş məqalə dərc edilib. Məqalədə Rusiyanın vasitəçiliyi ilə bağlanan sazişdə Azərbaycanın Ermənistan ilə onilliklər boyu danışıqlarda əldə etməyə çalışdığı xeyli güzəştlərə nail olduğu bildirilir.

Döyüş meydanında faktiki məğlubiyyətini etiraf edən Nikol Paşinyan işğal edilmiş ərazilərin qaytarılmasını və digər tələblərini qəbul edərək Dağlıq Qarabağda müharibənin dayandırılması barədə saziş imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanan saziş Azərbaycanın Dağlıq Qarabağ regionundan erməni işğalçı qüvvələrinin çıxarılmasını nəzərdə tutur.

Müəllif yazır ki, azərbaycanlılar üçün münaqişənin nizamlanması 1994-cü ildə başa çatan Birinci Qarabağ müharibəsi zamanı öz evlərini itirən yüz minlərlə məcburi köçkünün doğma ocaqlarına qayıtmasına şərait yaradır. Məqalədə qeyd olunur ki, Ermənistan təqribən 30 il ərzində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən və məcburi köçkünlərin doğma ev-eşiklərinə qayıtmalarını nəzərdə tutan qətnamələrinə məhəl qoymayıb.

 

Şuşanın azad olunması Qələbəyə əhəmiyyətli töhfə oldu

 

İspaniyanın “El Confidencial” elektron portalında Azərbaycanın Qarabağda çaldığı zəfər barədə məqalə yerləşdirilib. Yazıda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında 40 gündən çox davam edən hərbi əməliyyatın Ordumuzun qələbəsi ilə yekunlaşdığı, məğlub olmuş Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanda “satqın” kimi qarşılandığı qeyd edilir.

Azərbaycanın tarixi Şuşa şəhərinin işğaldan azad olunmasının Azərbaycan Silahlı Qüvvələrinin qələbəsinə əhəmiyyətli töhfə verdiyi vurğulanaraq, diqqətə çatdırılır ki, Ermənistan silahlı qüvvələri dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxmalıdır.

Geniş oxucu kütləsinə malik “El Mundo” qəzetində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən noyabrın 10-da imzalanan birgə bəyanatın müddəaları, habelə sənədin Azərbaycan və Ermənistan xalqları tərəfindən necə qarşılanması barədə məqalə dərc edilib. Məqalədə Azərbaycan üçün böyük tarixi və strateji əhəmiyyətə malik Şuşa şəhərinin noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunması xüsusi vurğulanır.

 

Fransa qəzeti müharibənin hərbi dərsləri haqqında

 

Azərbaycan Ordusunun üstünlüyü ilk günlərdən bəlli idi. Bu fikir Fransanın “L’Opinion” qəzetində dərc olunmuş “Dağlıq Qarabağ: müharibənin hərbi dərsləri” adlı məqalədə qeyd edilib.

Məqalədə Azərbaycan Ordusunun hərbi əməliyyatları müvəffəqiyyətlə həyata keçirdiyi vurğulanır. Azərbaycan əhalisinin sayının Ermənistan əhalisinin sayından qat-qat çox olmasının da əhəmiyyəti özünü göstərdi. Vurğulanır ki, erməni tərəfi 44 günlük müharibədə heç bir əməliyyat təşəbbüsü göstərə bilmədi.

 

Şuşadan sonra erməni ordusunun müqaviməti mənasız idi

 

Macarıstanın “Magyar Nemzet” nəşrində də şanlı Azərbaycan Ordusunun Qarabağda döyüş əməliyyatları zonasında son uğurları barədə material dərc edilib.

Müəlliflər Qarabağın tarixi paytaxtı Şuşa şəhərinin – Şuşa qalasının qəhrəmancasına azad edilməsindən bəhs edərək bu hadisəni “Dağlıq Qarabağ münaqişəsində dönüş anı” adlandırıblar. Müəlliflərin fikrincə, mahiyyət etibarilə bütün bunlar onu deməyə əsas verir ki, həmin gün Azərbaycan Qarabağ cəbhəsində strateji əhəmiyyətli bütün mövqeləri tutub və erməni ordusunun bundan sonrakı müqaviməti mənasız olub.

 

Xorvatiya saytı: “Bütün dünya üçün Qarabağ Azərbaycandır”

 

Xorvatiyanın “Vjeçerni list” onlayn xəbər portalında beynəlxalq məsələlər üzrə ekspert Branimir Vidmaroviçin “Bütün dünya üçün Qarabağ Azərbaycandır. Bəs niyə müharibə?” sərlövhəli məqaləsi dərc olunub.

B.Vidmaroviç Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bir neçə aspektdən yanaşıb. Müəllif qeyd edir ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri təxribatlardan sonra Azərbaycan tərəfinin genişmiqyaslı əks-əməliyyat aparması bütün Dağlıq Qarabağ və zəbt olunmuş ətraf 7 rayonu azad etmək niyyətində olduğunu göstərirdi.

Məqalədə eyni zamanda Ermənistan baş naziri N.Paşinyanın hakimiyyətə gəlməsindən sonra əl atdığı təxribatlar sadalanır. Bildirilir ki, öz hərəkətləri ilə danışıqlar prosesini mənasız edən Ermənistan hakimiyyəti Azərbaycana seçim yeri qoymayıb.

Müəllif Ermənistan tərəfinin döyüşdə uduzaraq müharibə cinayətləri törətməsinin, Azərbaycanın Gəncə və Bərdə şəhərlərinə ballistik raketlər və kasetli bombalar atmasının beynəlxalq təşkilatlar tərəfindən sübut olunduğunu diqqətə çatdırır.

 

Azərbaycan birinci müharibədə itirdiklərini qaytarır

 

Azərbaycan Dağlıq Qarabağa nəzarət uğrunda döyüşlərdə bir sıra əsas uğurlar əldə etdikdən sonra sülh razılaşması imzalanıb.

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsindəki məqalədə bu barədə qeyd olunur. Bildirilir ki, 6 həftə davam edən döyüşlərdən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri döyüşlərin dayandırılması haqqında sənəd imzalayıblar. Sənədə əsasən, ərazilər Azərbaycana təhvil veriləcək, məcburi köçkünlər öz yurdlarına qayıda biləcəklər.

Məqalədə qeyd olunur ki, döyüşlərin dayandırılması barədə sənədin imzalanması Azərbaycanda sevinclə qarşılansa da, Ermənistanda tam əksi yaşanıb, yüzlərlə etirazçı Ermənistan parlamentinə soxulub, qanunverici orqanın sədrinə hücum ediblər.

CGTN-in saytında Qarabağ müharibəsinə aid digər məqalədə isə Azərbaycan Ordusunun nailiyyətlərinin yekunu kimi sülh bəyanatının imzalandığı qeyd olunub. Bu nailiyyətlərə 1991-1994-cü illərdəki müharibədə itirilmiş onlarla yaşayış məntəqəsinin, o cümlədən bölgədə strateji mövqeyi olan Şuşa şəhərinin azad edilməsi daxildir.

 

“Nə oldu, Paşinyan?”

 

Gürcüstanın “interpressnews.ge” informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti zamanı söylədiyi fikirlərə geniş yer ayırıb. Xəbərlərdə Ağdamın, Kəlbəcərin və Laçın rayonlarının dekabrın 1-dək qaytarılması, bölgəyə Rusiya və Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsi əksini tapıb.

Ən çox oxunan isə “Prezident İlham Əliyev: Nə oldu, Paşinyan? Qarabağla bağlı statusun nə oldu? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq” sərlövhəli məqalə olub.

 

İran mətbuatı: Ermənistan sülhə məcbur edildi

 

İran mətbuatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə bəyanat barədə xəbərlərə geniş yer ayırıb. İSNA, İRNA, Mehr, İLNA, “Tehran Times”, “Tasnim” saytları Azərbaycanın Dağlıq Qarabağ uğrunda apardığı mübarizədə qalib gələrək Ermənistanı sülhə məcbur etdiyini bildiriblər.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev siyasi iradə nümayiş etdirərək işğal altındakı torpaqları azad etdi. Materiallarda Prezident İlham Əliyevin xalqa müraciətindən sitat da gətirilib: “Paşinyan bəyanatı öz istəyi ilə deyil, Azərbaycanın dəmir yumruğu sayəsində imzaladı”.

İran mediası Ermənistanda baş verən hadisələrə də toxunub. Qeyd olunub ki, Ermənistanda xaos hökm sürür, baş nazir N.Paşinyanın istefası tələb olunur.

 

Xalqımızın Qələbə sevinci ərəb KİV-lərində

 

Azərbaycan xalqının Qələbə sevinci ərəb mediasının da diqqət mərkəzindədir. Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyə”, Qətərin “Əl Cəzirə”, İordaniyanın “Almamlaka”, Misirin “MBC Masr”, “Extranews” və “Nilenews”, “Skynews Arabic”, “İ24 Arabic” televiziya kanallarının efirində, “Əl-Əhram”, “Jordantimes” və s. nəşrlərdə Azərbaycan Prezidentinin xalqa müraciəti haqqında geniş reportajlar yayımlanıb. Ərəb televiziya kanalları, həmçinin Ermənistanın məğlubiyyəti, ermənilərin İrəvanda Paşinyanın kabinetinə hücum etməsi barədə süjetlər veriblər.

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr edilən “Arabnews” qəzetinin birinci səhifəsində dərc olunmuş “Azərbaycan öz Qələbəsini elan etdi” sərlövhəli məqalədə xalqımızın şanlı Qələbəmizi bayram etməsindən yazılıb.

“Əl-Cəzirə” qəzetindəki məqalədə qeyd edilib ki, Moskvanın vasitəçiliyi ilə müharibənin dayandırılması Ermənistanın tam məğlubiyyətindən sonra baş verib. Müəllif yazır ki, iqtisadi və hərbi gücü olmayan, eyni zamanda işğal etdiyi əraziləri azad etməkdən boyun qaçıran Ermənistan qüdrətli Azərbaycan Ordusunun qarşısında davam gətirə bilmədi.

Misirin “Aldiplomasy” informasiya portalında baş redaktor Əşrəf Əbu Urafənin “Azərbaycan xalqı Qələbəni bayram edir” sərlövhəli məqaləsi dərc edilib. Məqalədə diqqətə çatdırılır ki, ərazilərini işğaldan azad etmiş Azərbaycan bundan sonra həmin torpaqlarda quruculuq işləri aparacaq, həmçinin bütün müsəlmanlar üçün əhəmiyyətli olan məscidləri və İslam abidələrini bərpa edərək minarələrdə yenidən azan səsinin ucalmasını təmin edəcək.

***

Özbəkistanın “kun.uz”, “human.uz”, “qalampir.uz” və “tnews.uz” xəbər portallarında cəbhə xəttində müharibənin başa çatması haqqında özbək və rus dillərində məqalələr yerləşdirilib.

Yazılarda Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin birgə bəyanatından bəhs olunaraq vurğulanır ki, Ermənistan noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək isə Laçın rayonunu Azərbaycana qaytaracaq.