Noyabrın 16-17-də Milli Xalça Muzeyi ənənəvi Azərbaycan xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 10-cu ildönümü (16 noyabr 2010-cu il) və görkəmli xalçaçı rəssam, alim, üçcildlik “Azərbaycan xalçası” fundamental əsərinin müəllifi, Xalq rəssamı Lətif Kərimovun doğum günü münasibətilə onlayn formatda silsilə tədbirlər keçirəcək.

Muzeydən bildirilib ki, “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar”, “Tanınmış simalarla virtual tur” layihələri, muzeyin kolleksiyasında qorunan sənət incilərinin müxtəlif rakurslarda öz əksini tapdığı fotolar əsasında hazırlanan videoçarx təqdim olunacaq.

Eyni zamanda, iştirakçılar canlı yayımda xalça kəsimi mərasimini izləyəcək, azərbaycanlı və xarici xalça mütəxəssislərinin görkəmli alim Lətif Kərimovla bağlı xatirələri, muzeyin “səhnəarxası” işi ilə tanış olacaqlar. Hər zaman olduğu kimi, bayram həftəsində azyaşlı izləyicilər də diqqətdən kənarda qalmayacaq.