Türkiyə və Azərbaycan rəssamlarının əsərlərinin onlayn satış-sərgisi

Türkiyə və Azərbaycanın rəssam və heykəltəraşlarının əsərlərindən ibarət “Bir millət, iki dövlət” şüarı altında onlayn satış aksiyası keçirilir. Kampaniya İstanbul Yedditəpə Universitetinin İncəsənət fakültəsinin müəllimi, Azərbaycanın Əməkdar rəssamı, professor Teymur Rzayev və Bilecik Şeyx Edebali Universitetinin İncəsənət fakültəsinin müəllimi Elçin Mustafayevin təşəbbüsü ilə reallaşıb.

Aksiyadan əldə edilən gəlirin tarixi Azərbaycan torpağı olan Qarabağın erməni işğalından azad edilməsi uğrunda şəhid olan və yaralanan hərbçilərimizin ailələrinə, eləcə də müharibədən zərər çəkənlərə verilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna ianə edilməsi nəzərdə tutulur.

Teymur Rzayev deyib: “Bu aksiyanı keçirməkdə əsas məqsəd nə qədər əsərin satılacağı və ya əldə edilən gəlir deyil. Məqsədimiz iki qardaş ölkə rəssamlarının Azərbaycanın haqlı davasına dəstəyini və həmrəyliyini nümayiş etdirməkdir. Azərbaycan güclü bir dövlətdir və hər bir vətəndaşının qayğısına qalır. Bununla belə, hər kəs vətəni, torpağı üçün əlindən gələni etməyə borcludur. Bu, maddi və ya mənəvi dəstək ola bilər. Əsas olan həmrəyliyimiz, birliyimizdir. Hesab edirəm ki, Azərbaycan və Türkiyə rəssamlarının bu həmrəyliyi bütün incəsənət aləmi üçün nümunədir”.

Satış aksiyasına rəngkarlıq, qrafika, heykəltəraşlıq, keramika üzrə 86 müəllifin ümumilikdə 140 əsəri təqdim edilib.

Kampaniyada Özdemir Altan, Devrim Erbil, Yalçın Gökçebağ, Aydın Ayan, Yalçın Karayağız, Mahir Güven, Rəsul Aytemür, Gürbüz Doğan Ekşioğlu, Gülveli Kaya, Zahit Büyükişleyen, Teymur Rzayev, Rəhim Məmmədov, Faiq Ağayev, Rasim Nəzirov, Ziyad Sultanov, Məzahir Afşar, Səid Rüstəm, Lətafət Məmmədova, İlham Ənvəroğlu, Şahin Məmmədov, Asim Rəsuloğlu və digərləri iştirak edirlər.

Rəsm və heykəltəraşlıq əsərlərinin onlayn satış aksiyası noyabrın 22-dək davam edəcək.