Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində ölkəmizin işğaldan azad edilmiş Cəbrayıl rayonundan görüntülər paylaşıb.

"Bax bura Cəbrayıl şəhərinin mərkəzi. Bir dənə də salamat bina yoxdur. Bir dənə də bina qoymayıblar. Yalnız o tərəfdə özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar hamısı düşmən tərəfindən sökülüb. Onlar buna görə cavab verəcəklər,  beynəlxalq məhkəmələrdə cavab verəcəklər".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl şəhərində deyib.

“Beynəlxalq qurumlar, ekspertlər gələcək, 30 il ərzində bizə vurulmuş bütün ziyan hesablanacaq, ondan sonra təzminat davası açılacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri  qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra,  Azərbaycan əhalisi heç vaxt bura qayıtmayacaq. Bu məqsədlə buranı dağıdıblar, amma səhv ediblər. Biz qayıtmışıq, öz doğma torpağımız Cəbrayıl şəhərində durmuşuq. Bütün buraları bərpa edəcəyik", - deyə dövlət başçısı bildirib.