Ermənistanın təcavüzü nəticəsində sentyabrın 27-dən başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı işçi qruplar yaradılıb və fəaliyyətə başlayıb.

Ölkə Prezidentinin 6 noyabrda imzaladığı sərəncama əsasən ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. Noyabrın 12-də Nazirlər Kabinetinin müvafiq sərəncamı imzalanıb.

Sərəncama əsasən 3 qrup yaradılıb: Nazirlər Kabineti Aparatı üzrə Koordinasiya qrupu;

Aidiyyəti dövlət orqanlarının rəhbərlərinin müavinlərindən ibarət tərkibdə müvafiq sahələrə rəhbərlik üzrə İşçi qrupu; Aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə işçi qruplar.

Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Koordinasiya qrupuna tapşırılıb ki, dövlət orqanlarının (qurumlarının) işlərinin əlaqələndirilməsi təşkil və təmin edilsin, həyata keçirilən tədbirlər üzrə analitik təhlillər aparılsın, statistik hesabatlar hazırlansın, görülən işlər barədə mütəmadi olaraq Komissiyaya məlumat verilsin.

İşçi qruplar mülki əhaliyə, dövlət əmlakına, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini təmin edərək və dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini 2020-ci il dekabrın 10-dək Komissiyaya təqdim edəcəklər.

Xatırladırıq ki, 27 sentyabrdan sonra Ermənistanın təcavüzü nəticəsində təqribən 3700 obyektə müxtəlif dərəcəli ziyan dəyib. Evində yaşayışın mümkün olmadığı vətəndaşlar müvafiq mənzillərdə yerləşdiriliblər.

Qiymətləndirməni həyata keçirmək məqsədilə yerli özəl qiymətləndirmə şirkətləri də prosesə cəlb olunacaq. Eyni zamanda dəymiş ziyanın qiymətləndirilməsi üçün xarici şirkətlərin də cəlb olunması istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən iş aparılır.