Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ekoloji QHT-lər, Azərbaycan ictimaiyyəti Kəlbəcər ərazisində ermənilərin barbarlığını nümayiş etdirən, foto və videolarda əks olunan əməlləri qətiyyətlə pisləyir və bu hərəkətləri insanlığa, təbiətə qarşı əsl düşmənçilik kimi qiymətləndirir.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, təcavüzkar Ermənistan tərəfindən işğal altındakı ərazilərdəki flora və faunanın məhvi, xüsusən də Cəbrayıl, Zəngilan, Qubadlı və işğaldan azad olunmuş digər ərazilərimizdə yaşı yüzillərlə ölçülən təbiət abidələrinin – çinarların kəsilməsi, Şuşa ətrafındakı Topxana meşəsinin qadağan olunmuş ağ fosforla yandırılması, Kəlbəcərdə ağacların kəsilməsi, meşələrin yandırılması və ətraf mühitə qəsdən zərər verilməsi təbiətə qarşı ən ağır cinayətdir.

Nazir müavini qeyd edib ki, mövcud faktlar müvafiq beynəlxalq konvensiyaların katibliklərinə təqdim edilib. Təbiətin məhv edilməsinə, qonşu xalqa nifrət və düşmənçiliyin bu cür vəhşi formada ifadəsinə son qoyulması, talançılığın qeydə alınması və ziyanların hesablanması üçün beynəlxalq müşahidə və qiymətləndirmə qrupları Azərbaycana dəvət olunacaq.