Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mədəniyyət Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Əsgərə məktub” adlı tədbir keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri, yeniyetmə və gənclər Azərbaycanın igid, qəhrəman, Vətənin keşiyində ayıq-sayıq dayanan, onu göz bəbəyi kimi qoruyan əsgərlərimizə öz ürəklərindən gələn arzu və istəklərini məktub vasitəsilə ünvanlayıblar. Sonda tədbir iştirakçıları tərəfindən vətənpərvərlik mövzusunda musiqilər, şeirlər səsləndirilib.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyndə fəaliyyət göstərən Tərtər rayon Mədəniyyət Mərkəzi Uşaq musiqi məktəbi ilə birgə Qələbə günü münasibətilə konsert proqramı təşkil edib.

Mingəçevir şəhəri üzrə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” “Mingəçevirdən Qarabağa salam” adlı videoçarx hazırlayıb.

Bərdə rayon Mədəniyyət Mərkəzində müşavirə keçirilib. Regional İdarənin rəisi İlyas Hacıyev Vətən müharibəsində Azərbaycan Ordusunun parlaq Qələbəsi münasibətilə hər kəsi təbrik edərək, bu günlərdə Azərbaycan xalqının arxa cəbhədə nümayiş etdirdiyi birlik və bərabərlikdən söhbət açıb.

Müşavirədə tabe müəssisələrin fəaliyyəti, o cümlədən uşaq incəsənət və musiqi məktəblərində təhsilin distant formada davam etdirilməsi barədə tapşırıqlar verilib.

***

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Samux rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Mərkəzin direktoru Nuranə Həsənova qeyd edib ki, noyabrın 8-də Qarabağın döyünən ürəyi Şuşa şəhərinin alınması, 9 Noyabr – Dövlət Bayrağı Günündə 72 yaşayış məntəqəsinin azad edilməsi, həmçinin 10 noyabr Qarabağın azad edilməsi xəbəri xalqımızın tarixində ayrıca önəm daşıyır. Qələbəmizin ayağı düşərli olsun. Biz bu şanlı tarixi tariximizə qızıl hərflərlə yazan Ali Baş Komandanımıza və şanlı Ordumuza minnətdarıq.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi “Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə bu ərazilərdə konstitusion hüququnu bərpa etdi” mövzusunda videokonfrans keçirib. Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən idarə rəisi Vüqar Qədirov tədbir iştirakçılarını salamlayaraq Vətən müharibəsində qazanılmış zəfər münasibətilə onları təbrik edib, vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.

İdarənin mətbuat katibi Xəyal Nağıyev, Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd Folklor klubu filialının müdiri Rüfət Axundlu, Qazax rayon MKS-nin Daş Salahlı kənd 1 saylı kitabxana filialının əməkdaşı Hicranə Məmmədova qeyd ediblər ki, Vətən müharibəsi dövründə ölkəmizdə xalq-dövlət-ordu birliyi özünü göstərdi. Bu birliyin qarşısında, heç bir düşmən ordusu duruş gətirə bilməz.

Regional idarənin tabeliyindəki Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvləri isə müzəffər Ordumuza öz sevgisini, dəstəyini əl işlərində əks etdiriblər. Dərnək üzvləri tərəfindən vətənpərvərlik ruhunda rəsmlər çəkilib.

***

Vətən müharibəsində qazanılan tarixi zəfər münasibətilə İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qalınçaq kənd klubu, Şamaxı MKS-nin Uşaq şöbəsi, Qəbələ rayon Mərkəzi kitabxanası və İsmayıllı MKS-nin Aşıqbayramlı kənd kitabxana filialının oxucuları videoçarx hazırlayıblar. Şanlı Qələbə münasibətilə İsmayıllı rayon Heydər Əliyev Mərkəzi də “Qarabağa gedirəm” şüarı ilə videoçarx ərsəyə gətirib.

Regional idarənin tabeliyindəki  Qobustan rayon MKS- nin Uşaq şöbəsinin oxucularının çəkdiyi rəsmlərdən ibarət “Vətən, səndən keçmək olmaz” başlıqlı sərgi təşkil edilib.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanasında Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə 1995-ci ilin 12 noyabrında ümumxalq referendumunda Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi haqqında məlumat verilib. Bildirilib ki, Konstitusiyamızın ən mühüm nailiyyətlərindən biri də insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsidir. Tədbirin sonunda mövzu üzrə sərgi nümayiş olunub.

Quba rayon Mərkəzi kitabxanasının  uşaq  şöbəsinin oxu zalında isə “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə” adlı tədbir keçirilib. Çıxışlar zamanı qeyd olunub ki, Azərbaycan-Türkiyə əlaqələri tarixi dostluğa, ortaq dəyərlərə, ənənəvi qardaşlığa söykənən möhkəm təməllər üzərində qurulub. İki ölkə regional əməkdaşlıq prosesinin fəal və əsas  söz sahibi olan iştirakçılarıdır. Fəal oxucular Azərbaycan-Türkiyə qardaşlığı haqqında şeirlər söyləyiblər. Tədbirin sonunda “Bir millət, iki dövlət Azərbaycan-Türkiyə” adlı videoçarx nümayiş olunub.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı rayon Mərkəzi kitabxanasında “Qarabaq Azərbaycandır!” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordu quruculuğunun, dövlətimizin dünyada artan nüfuzunun bu tarixi Qələbənin təmin olunmasında mühüm rol oynadığını söyləyiblər.

Tədbirin sonunda kitabxana əməkdaşlarının hazırladıqları “Qarabağ Azərbaycandır!” adlı sərgiyə baxış olub.

Nurəddin MƏMMƏDLİ