AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Toponimika sektoru yaradılıb. İnstitutdan bildirilib ki, filologiya elmləri doktoru Qara Məşədiyev sektorun müdiri təyin edilib.

Coğrafi adlar yerin yaddaşıdır. Qarabağda zaman-zaman Azərbaycan tarixinə aid toponimlər kütləvi şəkildə dəyişdirilib. İşğal dövründə bəzi adlar tərcümə edilib, bəzilərinə yeni erməni adları qoyulub.

Yeni yaradılmış sektor toponimlərin tədqiqi, ermənilər tərəfindən adları dəyişdirilən 400-ə yaxın toponimin adının qaytarılması məsələləri ilə məşğul olacaq.

Həmçinin Toponimika sektoru işğaldan azad edilmiş rayonlarda küçələrə, meydanlara, parklara Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizin adlarının verilməsi təklifini də irəli sürəcək.