Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE “Qarabağa dönüş” adlı reportaj yayımlayıb.

Reportajda Azərbaycan xalqının müharibədə qazanılan Qələbəni böyük sevinclə qeyd etdiyi bildirilir. Vurğulanır ki, Qələbə sevincini yaşayanlar arasında 27 il əvvəl erməni silahlı qüvvələri tərəfindən doğma yurdlarından didərgin salınmış Füzuli sakinləri də var.

Rayonlarının azad olunduğunu eşidən füzulililər sevinclərini sözlə ifadə edə bilmədiklərini, bu günün onların həyatında ən xoşbəxt gün olduğunu deyirlər. Qeyd edirlər ki, 27 ildir paytaxt Bakıda yaşamalarına baxmayaraq, onların ürəyi həmişə Füzuli ilə döyünüb.

Telekanalın jurnalistləri Füzulidən olan ailənin qonağı da olub. Söhbət zamanı ailənin üzvü Qarabağa, doğma evlərinə qayıtmağı gözlədiklərini bildirib. Əminliklə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə bütün infrastruktur bərpa olunacaq.

Reportajda işğaldan azad olan Füzulinin 27 il ərzində xarabalığa çevrildiyi, orada evlərin, eləcə də bütün infrastrukturun dağıdıldığı göstərilib.

Qeyd edək ki, Avropa Televiziya Assosiasiyası – ARTE Fransa və Almaniyanın birgə təsis etdiyi ictimai kanaldır və 1992-ci ildən fəaliyyət göstərir.