Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Vikipediya” elektron ensiklopediyasında Azərbaycanın bu günlərdə erməni işğalından azad olunmuş Cəbrayıl rayonunda, Araz çayı üzərindəki tarixi Xudafərin körpüsü haqqında özbək dilində bölmə istifadəyə verilib.

Bölmədə qeyd olunur ki, Azərbaycan-İran sərhədindəki körpü 23 avqust 1993-cü il tarixində Cəbrayıl rayonunun işğalından sonra Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçmiş və ötən müddətdə dağıntılara məruz qalmışdı. 2020-ci ilin oktyabrında Azərbaycan Ordusu Cəbrayıl rayonunun ərazisini, o cümlədən Xudafərin körpüsünü işğaldan azad edib.

Vurğulanır ki, Araz çayı üzərində çoxlu körpülər salınsa da, onlardan ən əhəmiyyətlisi Xudafərin körpüsüdür. Abidənin tarixinə nəzər salınaraq qeyd olunur ki, Böyük İpək Yolunun üzərində yerləşən körpü XI əsrdə inşa olunub. Xudafərin körpüsü tikinti materialı və memarlıq üslubuna, xüsusi naxışlı, dairəvi daş bəzək lövhələri, yüksək memarlıq-mühəndis işinə görə Azərbaycan memarlıq ənənələrinin ən dəyərli abidələrindən biridir.

Bölmədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin erməni işğalçılarından azad edilən Xudafərin körpüsü ilə bağlı bəyanatı da verilib. Bəyanatda tarixi Xudafərin körpüsünün UNESCO-nun siyahısına salınması üçün işlərə başlanıldığı bildirilir.

Materiala Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanımı Mehriban Əliyevanın noyabrın 16-da Xudafərin körpüsünü ziyarət etməsinə dair məlumat və fotoşəkillər də əlavə edilib.

Həmçinin İran-Azərbaycan sərhəddəki Araz çayı üzərində inşa edilən Xudafərin su anbarı haqqında məlumat verilir.

Bölmə ilə aşağıdakı linkdə tanış olmaq olar:

https://uz.wikipedia.org/wiki/Xudaferin_ko%CA%BBpriklari