“Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Mədəniyyət Nazirliyinin birgə qrant müsabiqəsinin qalibi kimi “Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının əməkdaşlarının və Azərbaycanın şimal bölgəsinin uşaq musiqi məktəblərinin müəllimlərinin iştirakı ilə onlayn rejimdə toplantı keçirilib.
BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə layihə çərçivəsində Azərbaycanın regionlardakı uşaq musiqi məktəblərinin şagirdləri üçün xanəndə, tar və kamança ixtisası üzrə ustad dərslərinin keçirilməsinin nəzərdə tutulduğunu deyib. O, layihənin həyata keçirilməsində Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin və məsləhətçisi Fərid Musayevin xüsusi zəhmətlərini vurğulayıb.
BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazədə layihənin önəmliyini vurğulayaraq bildirib ki, ustad ifaçılar regionlarda yaşayan uşaq musiqi məktəblərinin müəllimlərinə, habelə, istedadlı gənclərimizə onlayn ustad dərsləri, təlimləri keçərək onların yaradıcılığına dəstək olacaqlar.
Ustad dərslərini BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşları – Xalq artisti, professor Ramiz Quliyev (tar), Əməkdar incəsənət xadimi, sənətsünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev (kamança), Xalq artisti, professor Zümrüd Məmmədova (xanəndə) keçəcəklər.
Onlayn iclasda iştirak edən Xaçmaz, Quba, Şabran və Qusar rayonlarının uşaq musiqi məktəblərinin müəllimləri çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar. Çıxışlar zamanı tar, kamança və xanəndə ixtisas dərslərinin keçirilməsində vahid dərs proqramının, metodikanın olması, böyük Qələbəmiz münasibətilə bəstəkarlarımızın tar və kamança alətləri üçün marşların yazılması və s. mövzularda müxtəlif təkliflər irəli sürülüb.