Ağdaş Regional Mədəniyyət İdarəsinin rayonlar üzrə nümayəndələri və tabe müəssisə rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib.

İclasda çıxış edən idarə rəisi Ramiz Quliyev pandemiyanın davam etdiyi şəraitdə elektron xidmətlərə daha çox üstünlük verilməsi, virtual məkanda aktivliyin artırılması, uşaq musiqi və incəsənət məktəblərində distant dərslərin, onlayn tədbirlərin keçirilməsi, videoçarxların hazırlanması və müasir texniki imkanlardan daha geniş istifadə olunması barədə tapşırıqlar verib.

***

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-nin Mərkəzi kitabxanasının kollektivi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib. Məzarların üzərinə çiçəklər qoyulub, şəhidlərin ruhuna dualar oxunub.

***

Azərbaycan Ordusunun zəfər sevincini yaşadığımız bu günlərdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələr əsgər və zabitlərimizə mənəvi dəstək olmaq məqsədilə müxtəlif videoçarxlar hazırlayırlar. Qəbələ Dövlət Rəsm Qalereyası “Bölünməz vətən” başlıqlı videoçarx paylaşıb. Şamaxı MKS-nin Uşaq şöbəsinin oxucuları isə Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qazandığı böyük zəfərə kiçik töhfə olaraq “Əsgərə məktub” adlı təşəkkür videoçarxı hazırlayıblar.

***

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Zəfərin mübarək, Azərbaycan!” adlı videokonfrans keçirib. Tədbirdə çıxış edənlər üçrəngli bayrağımızın azad edilən Qarabağ torpağının ən uca zirvələrində şərəflə dalğalandığını qeyd ediblər. Tədbir zamanı “Azərbaycana qələbə yaraşır” adlı videoçarx nümayiş olunub.

***

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Bərdə rayon Mədəniyyət Mərkəzinin Güloğlular kənd klubu, Şatırlı kənd Mədəniyyət evi və 2 nömrəli şəhər klubu filialları 25 noyabr – Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar videoçarx hazırlayıblar.

***

Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki M.Ə.Sabir adına Mərkəzi kitabxanada Kəlbəcərin azad olunmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Kəlbəcərin azad olunmasının əhəmiyyəti və ermənilərin özgə torpaqları hesabına dövlət yaratmaq siyasətinin tamamilə puç olunması barədə geniş söhbət açılıb.

Saatlı rayon MKS rayondakı Heydər Əliyev Mərkəzi ilə birlikdə Qarakənd faciəsinin (20 noyabr 1991-ci ildə Azərbaycanın dövlət xadimlərinin olduğu vertolyotun ermənilər tərəfindən vurulması – red.) anım günü ilə əlaqədar tədbir keçirib. Tədbirdə çıxış edənlər faciə haqqında məlumat veriblər.

NURƏDDIN