Azərbaycan

 

28 noyabr 1852 – Şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (14.6.1794 – 1852) vəfat edib. Gəncədə doğulub, 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib.

28 noyabr 1907 – Böyük maarifpərvər, təbiətşünas alim, publisist Həsən bəy Zərdabi (Məlikov; 1842-1907) vəfat edib. 1875-ci il iyulun 22-də “Əkinçi” qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub.

28 noyabr 1933 – Əməkdar artist, vokal ifaçısı Adil İbrahim oğlu Məlikov (1933 – 19.5.2009) Astara rayonunda doğulub. Akademik Opera və Balet Teatrının solisti olub.

28 noyabr 1940 – Tanınmış şair, aşıq Alqayıt Bayram oğlu Xəlilov (1940 – 12.1.2013) Qərbi Azərbaycanda (Ermənistan SSR) – Göyçə mahalının Daşkənd kəndində anadan olub.

 

29 noyabr 1920 – Əməkdar rəssam Güllü Hacağa qızı Mustafayeva (1920-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Əsərləri: “Leyli və Məcnun məktəbdə”, “Şairə Məhsətinin portreti” və s. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.

29 noyabr 1947 - Tanınmış jurnalist, publisist Mirzə Xəzər (Mirzə Kərim oğlu Mikayılov; 1947-2020) Göyçay rayonunda doğulub. 1974-cü ildə İsrailə, oradan ABŞ-a köçüb. “Amerikanın səsi” və “Azadlıq” radiolarında Azərbaycan redaksiyasına rəhbərlik edib. 1990-cı ilin 20 Yanvar faciəsi barədə dünyaya ilk informasiya yayan jurnalistlərdən biri olub.

 

30 noyabr 1934 – Tanınmış şair, tərcüməçi İlyas Oruc oğlu Tapdıq (1934 – 25.12.2016) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Meşənin mahnısı”, “Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib.

 

1 dekabr 1940 – Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. Kiçik pyes, vodevil və musiqili komediyalar yazıb. “Bakılılar” (1938), “Kəndlilər” (1939) filmlərində çəkilib.

1 dekabr 2004 – Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 14.10.1933 – 2004) vəfat edib. Kitabları: “Qayalara yazılan səs”, “Yol ayrıcında söhbət” və s. Rus dilindən ədəbi tərcümələr edib. Azərbaycanın “İstiqlal” ordeninə layiq görülmüş (1995) ilk şairlərdən biridir.

 

Dünya

 

28 noyabr 1757 – İngilis şairi və rəssamı Vilyam Bleyk (William Blake; 1757-1827) anadan olub.

28 noyabr 1820 – Alman filosofu, kommunist ideologiyasının banilərindən biri Fridrix Engels (Friedrich Engels; 1820-1895) anadan olub.

28 noyabr 1829 – Bəstəkar və dirijor, Rusiyada ilk konservatoriyanın yaradıcısı Anton Qriqoryeviç Rubinşteyn (1829-1894) anadan olub.

28 noyabr 1881 – Avstriya yazıçısı, ədəbiyyatşünas Stefan Sveyq (Stefan Zweig; 1881-1942) anadan olub. Əsərləri: “Naməlum qadının məktubu”, “Maria Stüart”, “Şahmat novellası”, “Dünənki dünya” və s.

 

29 noyabr 1906 – Məşhur kinooperator, sənədli filmlər rejissoru Roman Karmen (1906-1978) anadan olub. “Xəzər neftçiləri haqqında povest” sənədli filminə görə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

 

30 noyabr 1667 – İngilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667-1745) anadan olub.

30 noyabr 1817 – Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817-1903) anadan olub.

30 noyabr 1835 – Amerika yazıçısı Mark Tven (Mark Twain – əsl adı Samuel Langhorne Clemens; 1835-1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.

 

1 dekabr 1940 – Amerikalı komediya aktyoru, ssenarist Riçard Prayor (Richard Pryor; 1940-2005) anadan olub.

Hazırladı:  Vüqar ORXAN