Regionlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında “Notların möcüzəsi” adlı onlayn müsabiqə keçirilir.

Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi tərəfindən keçirilən müsabiqə Azərbaycan bəstəkarlarının və onların klassik əsərlərinin sosial şəbəkələrdə təbliğinə, klassik əsərlərin uşaq və yeniyetmələr tərəfindən ifa edilərək mənimsənilməsinə, musiqi məktəblərinin fəaliyyətinin təşviq edilməsinə, musiqi təhsili üzrə istedadlı və bacarıqlı uşaq və yeniyetmələrin üzə çıxarılmasına xidmət edir.

Şagirdlər Azərbaycan bəstəkarlarının klassik əsərlərinin bir parçasını ifa edərək müsabiqəyə qatıla bilər. İfalar dekabrın 8-dək videogörüntü şəklində təqdim edilməlidir. Müsabiqə şərtləri və qaydaları haqqında ətraflı məlumatı layihənin sosial şəbəkə hesabından (facebook.com/notlarinmocuzesi) əldə edə bilərlər.

Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Notların möcüzəsi” estetik zövqün formalaşdırılması layihəsi çərçivəsində təşkil olunub. Layihənin məqsədi regionlarda musiqi mədəniyyətinin inkişafına töhfə verməkdir.