Parisdə UNESCO İcraiyyə Şurasının 210-cu sessiyası davam edir. Onlayn formatda keçirilən sessiyanın plenar iclasında ölkəmizin UNESCO yanında daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev çıxış edib.

O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonda baş vermiş son hadisələr barədə, erməni işğalından azad edilmiş ərazilərdəki vəziyyət barədə İcraiyyə Şurasının üzvlərini, eləcə də plenar iclasın iştirakçılarını məlumatlandırıb.

Bildirilib ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli razılaşma tam atəşkəs və bütün döyüş əməliyyatlarının dayandırılması ilə nəticələnib. Azərbaycanın işğal altında olan əraziləri 2020-ci il dekabrın 1-də tamamilə azad olunub. Bununla Dağlıq Qarabağ münaqişəsi və münaqişə tərəfləri anlayışı artıq mövcud deyil və onlar tarixə çevrilib.

Plenar iclasda ölkəmizin 30 il erməni işğalı altında qalmış ərazilərində mədəniyyət və dini abidələrimizin erməni silahlı qüvvələri tərəfindən tamamilə yerlə-yeksan edildiyi diqqətə çatdırılıb: “Azərbaycanın işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi ilk missiya bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri və digər mədəniyyət obyektləri daxil olmaqla 180 mədəniyyət obyektinin müəyyənləşdirib və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olmasının şahidi olub. Azad edilmiş ərazilərdəki bütün məscidlər demək olar ki, dağıdılmış, bəziləri tövləyə çevrilmişdir”.

Vurğulayıb ki, son atəşkəsdən sonra XIII əsrdən Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Xudavənd monastırının zəngləri, xaçları və qədim əlyazmaları, eləcə də Ağdam rayonundakı Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılmış və yerli muzeylərdə saxlanılan qiymətli əşyalar qanunsuz olaraq Ermənistana daşınıb. Bu, 1954-cü il Haaqa Konvensiyasının və onun iki Protokolunun, eləcə də 1970-ci il Konvensiyasının kobud şəkildə pozulmasıdır.

Erməni tərəfinin törətdiyi qeyri-insani hərəkətlərdən söz açaraq qeyd edib ki, bu əraziləri tərk edəndə erməni tərəfi yaşayış binalarını və evləri, məktəbləri və digər mülki infrastrukturu yandırıb, ağacları kəsib və bununla da ekoloji terror aktı törədib.

“Təəssüf ki, Ermənistan əvvəllər işğal olunmuş ərazilərdəki mədəni irs və dini abidələr kontekstində Azərbaycana qarşı saxta informasiya kampaniyasını davam etdirir. Bu, Azərbaycanın imicinə kölgə salmaq məqsədi daşıyır.

Azərbaycan əsrlərboyu müxtəlif mədəni və dini irsini və ərazisində yerləşən ibadət yerlərini qoruyub saxlamışdır. Bunlar Azərbaycanın çox mədəniyyətli və çox etiqadlı tərkibinin və tarixinin ayrılmaz hissəsidir. Bütün bunlar cəmiyyətimizin dəstəklədiyi və həmişə dəstəkləyəcəyi müxtəliflik, multikulturalizm, tolerantlıq və dialoq dəyərlərini özündə ehtiva edir”, - deyə A.Qocayev vurğulayıb.