Ukraynanın Truskavets şəhərində dünya şöhrətli müğənni, Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş Beynəlxalq vokal mahnı müsabiqəsi keçirilib.

Ölkəmizin Ukraynadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, “SOCAR Energy Ukrayna” şirkəti, Truskavets Şəhər Meriyası və Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və dəstəyi ilə reallaşan müsabiqənin qalibləri müəyyənləşib.

1-4 dekabr tarixlərində gerçəkləşən müsabiqəyə müxtəlif ölkələrdən 14 gənc vokal ifaçısı qatılıb.

Beynəlxalq musiqi yarışmasında səsi ilə münsiflər heyətini heyran edən ukraynalı gənclər Viktoriya Melnik və Anastasiya Povajna qalib elan olunub.

İkinci yerə İqor Povaşnıy və Nikol Çirka, üçüncü yerə Yevqeni Raxmanin, Pavel Qrişenko, Maksim Qara layiq görülüb.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova vokalçıların çıxışlarını dinləyib, müsabiqənin əhəmiyyətini vurğulayıb. Ecazkar səsi ilə dünyanın musiqi xəzinəsinə böyük töhfələr bəxş etmiş Müslüm Maqomayev yaradıcılığının çoxşaxəli çalarlarından bəhs edən səfir əfsanəvi Azərbaycan oğlunun xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqəsinin yüksək səviyyədə təşkil edilməsinə dəstək olan bütün qurumlara təşəkkürünü bildirib.

Truskavets şəhərinin meri Andrey Kulçinski çıxışında qeyd edib ki, Müslüm Maqomayev dünyanın mədəniyyət elçisidir. O tək Azərbaycanda deyil, bütün dünyada sevilən sənətkardır. Keçən il əsası qoyulan müsabiqənin ənənəvi olacağını vurğulayan mer “Şəhərimiz ildə bir dəfə Müslüm Maqomayevin xatirəsini gənc istedadların üzə çıxması ilə yad edəcək”, - deyə bildirib.

Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov, müğənni Natalya Kudryaşova və başqa çıxış edənlər beynəlxalq vokal müsabiqəsinin gənc istedadların üzə çıxmasında müstəsna rol oynadığını bildiriblər.

Sonra Müslüm Maqomayevin unudulmaz xatirəsinə işıq saçan müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri qazanan gənc istedadlara diplom və pul mükafatları təqdim edilib. Qaliblərin ifasında konsert proqramı nümayiş etdirilib.

Beynəlxalq müsabiqə çərçivəsində azərbaycanlı rəssam Əsgər Cavadovun əsərlərindən ibarət sərgi də təşkil olunub.