Azərbaycanın dahi bəstəkarı Arif Məlikovun həyat yoldaşı Esma Məlikova 11 noyabr 2020-ci ildə bu dünyadan köçdü.

Esmeralda Camal qızı Əhmədzadə 1938-ci il fevralın 28-də Gəncə şəhərində məşhur həkimlər Camal Əhmədzadə və Züleyxa Məmmədovanın ailəsində dünyaya göz açmışdır. Məktəb illərində Bakıya köçən E.Məlikova burada Azərbaycan Texniki Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.

Tələbə, komsomolçu, idmançı və sadəcə gözəl... Onun cavanlığını xatırlayan bütün dostları və ailə yaxınları Esma xanımı məhz bu cür xarakterizə edirdilər. Esma xanım böyük səmimiyyətlə tez-tez tələbəlik illərini xatırlayırdı. Bu illər XX əsr gənclərinin yaşadığı mənəvi, intellektual və mədəni cəhətdən olduqca zəngin bir dövrü idi. Ədəbi nəşrlər və jurnallara olan aylıq abunələr, peşəkar şəkildə idmanla məşğul olmaq, teatr və kino premyeraları, həmçinin konsert və sərgilərdə iştirak etmək o dövr gənclərinin mədəni həyat tərzini təcəssüm etdirirdi.

1961-ci ildə belə konsertlərin birində Azərbaycan Dövlət Filarmoniyasında Esma xanım gənc və istedadlı bəstəkar Arif Məlikovla tanış olur. Gənc bəstəkar ilk görüşdə başa düşür ki, Esma onun həyatını bölüşəcəyi insandır.

Arif Məlikov və Esma xanımın sevgi hekayəsi olduqca gözəldir. Qeyri-adi məhəbbət hissləri ilə ilhamlanmış Arif Məlikov 1962-ci ildə Nazim Hikmətin unudulmaz sözlərinə yazdığı lirik obrazlar və emosional təzadlarla dolu 4 romans silsiləsini Esma xanıma həsr edir: “Sən”, “Laylay”, “Təəssürat” və “Yarımı yuxuda gördüm”. Arif Məlikov “Məhəbbət əfsanəsi” baletinin səhnəyə qoyulması ilə bağlı getdiyi səfərlər zamanı Esma xanıma zəng edərək bu romansları oxuduğu günləri tez-tez xatırlayırdı.

Esma xanımın ailəsinə elçiliyi maestro Niyazi etmişdi və onu çox zaman “mənim gəlinim” deyə çağırardı. Uzunmüddətli isti dostluq münasibətləri bu iki ailəni bir-birinə bağlamışdı.

Arif Məlikov və Esma xanım 1962-ci ildə ailə qururlar. 1963-cü ildə övlad sahibi olan ailə qızlarına Şirin adını verir. Bu adın seçimi heç də təsadüfi deyildi. Çünki onlar əvvəlcədən belə qərarlaşdırmışdılar ki, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin qəhrəmanlarının şərəfinə əgər oğul övladları dünyaya gələrsə adını Fərhad, əks halda Şirin qoyacaqlar. Arif və Esma Məlikovların sevimli qızları Şirin onlar üçün həyatlarının günəşi və mənası idi.

Esma xanımın texniki təhsil almasına baxmayaraq, hərtərəfli və çox savadlı bir insan idi. Onun maraqlanmadığı bir sənət sahəsi tapmaq çox çətin idi. Uşaq vaxtından fortepianoda ifa etməyi öyrənmişdi, xanım musiqi və incəsənət sahəsində dərin biliklərə malik idi. Vaxt ötdükcə bu biliklər ona dahi musiqiçi, sənətşünas, ədəbiyyatçı, rəqqas və rəssamlarla münasibət qurmağa kömək edirdi. Bir çox tanınmış musiqiçilər Esma xanımla ilk tanışlıqdan sonra əminliklə deyirdilər ki, o, ixtisası üzrə musiqişünasdır.

Arif Məlikov və Esma xanım demək olar ki, bir-birilərindən ayrılmırdılar. Esma xanım tez-tez “Məhəbbət əfsanəsi” baletinin dünya premyeralarını və özünün də iştirak etdiyi o möhtəşəm qəbulları, eləcə də dahi incəsənət xadimləri ilə olan söhbətləri xatırlayardı.

Esma xanımı Niyazi, Maya Plisetskaya, Gennadi Rojdestvenski, Mstislav Rostropoviç, Nazim Hikmət, Yuri Qriqoroviç, Simon Virsaladze, Qalina Ulanova, Anatoli Şekera, Yevgeni Lısik, Maris Liepa, Adnan Sayqun, Nelli Ələkbərova, Valeri Gergiyev, İqor Çernışev, Mixail Çulaki, Maqsud İbrahimbəyov və incəsənətin bir çox başqa görkəmli nümayəndələri ilə sıx dostluq əlaqələri birləşdirirdi.

Arif Məlikov və Esma xanımın ailə həyatını həqiqətən də iki doğma qəlbin qovuşması kimi qələmə vermək olar. Esma xanım hər zaman öz həyat yoldaşı üçün ilham mənbəyi idi. Bütün həyatı boyunca o, öz həyat yoldaşının dayağı və dəstəyi olmuşdur. Öz məhəbbəti, qayğısı və müdrikliyi sayəsində Esma xanım Arif Məlikovu problemlərdən uzaq tutur, bununla da bəstəkarın sərbəst şəkildə yazıb yaratmasına vəsilə olurdu. Arif Məlikov üçün onun fikri çox önəmli idi. Ona görə də bəstəkar öz əsərlərini ilk olaraq həyat yoldaşına göstərirdi. Bununla da Esma xanım hər zaman bu gözəl sənət nümunələrinin ilk dinləyicisi olurdu.

Esma xanım onların ailəsinə layiq gözəl bir qız böyütmüşdü. O, qızı üçün həm ana, həm də ən yaxın dost və məsləhətçi idi. Öz atasının sənət yolunu davam etdirən Şirin Məlikova musiqişünas kimi Bakı Musiqi Akademiyasında pedaqoji və elmi fəaliyyətlə məşğul idi. Şirin Məlikova maestro Niyazinin yaradıcılığının təhlili ilə məşğul olan ilk musiqişünaslardan biri olmuşdur. Onun yaradıcı qələmindən “Niyazinin “Çitra” baleti”, “Şərq monodik mədəniyyəti və “Rast” simfonik muğamı”, “Niyazinin yaradıcılığında milliliyin morfologiyası” adlı yazılar çıxmışdır. Onun Asiya və Afrika ölkələrinin musiqi və mədəniyyəti haqqındakı uzunillik araşdırmaları isə “Asiya ölkələrinin teatr mədəniyyətində musiqi” adlı yazıda əksini tapmışdır. Şirin Məlikova 1998-ci ildə sənətşünaslıq namizədi, 2003-cü ildə isə sənətşünaslıq doktoru elmi adlarını almışdır. 2004-cü ildə isə Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının ən gənc professoru olmuşdur. Hər zaman öz qızını dəstəkləyən və düzgün yönləndirən Esma xanım öz əməyi və əzmi ilə yüksək uğur və nailiyyətlər əldə etmiş Şirin Məlikova ilə qürur duyurdu.

Esma xanım həyat yoldaşı və ana  olmaqla yanaşı bu həyatda daha bir vacib rolun sahibi idi. Esma Məlikova elmi-araşdırmaçı kimi fəaliyyəti ilə müasir tikinti materiallarının və avadanlıqlarının emalı sahəsində patentli 8 elmi yeniliyə imza atmışdır. Onun yenilikləri bu gün nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda praktik olaraq tətbiq olunur. 1974-cü ildə Azərbaycan Texniki İnstitutunun qərarı ilə Esma xanıma texniki elmlər namizədi adı,1979-cu ildə isə Ali Attestasiya Komissiyasının qərarı ilə “tikinti materialları və avadanlıqları” ixtisası üzrə böyük elmi işçi adı verilmişdir.

1982-ci ildə Arif Məlikov öz həyat yoldaşına ikinci romans silsiləsini həsr edir. Bu silsiləyə öz melodikliyi və emosional təsiri ilə zövq oxşayan romanslar daxildir: “Mən yenə də dözülməz oldum”, “Mavi gözlü pəhləvan”, “Bir ayaq saxlayın, mənə rəhm edin!”, “Yenə də sən”. Onu da vurğulamaq lazımdır ki, ikinci silsiləni yazarkən Arif Məlikov yenidən dahi Nazim Hikmət yaradıcılığına üz tutur.

Kiçik həcmli musiqi əsərləri olan romanslar çox nadir hallarda yüksək mükafatlara layiq görülür. Lakin Arif Məlikov ərsəyə gətirdiyi romanslara görə Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan klassik musiqi xəzinəsində özünəməxsus yer tutan bu romanslar həm də dünya klassikasının inciləri hesab olunur.

Arif Məlikov və Esma xanım uzun illər boyunca sevgi və məhəbbət hisslərinin üstünlük təşkil etdiyi bir mühitdə xoşbəxt yaşamışlar. Bu, səmada qovuşan iki qəlbin birliyi idi. Bu, Füzuli və Nizaminin əvəzolunmaz poemalarında oxuduğumuz sevgi hekayəsi idi.

Məlikovlar ailəsinin yeganə və sevimli qızları Şirinin bu dünyadan vaxtsız köçməsi ailə üçün ağır faciə oldu. Bu itki onların qəlbində heç vaxt sağalmayacaq bir yara idi. Məlikovlar Allahdan onlara qismət olmuş son günlərinə qədər bir-birinə dəstək olmağa davam edirdilər.

9 may 2019-cu il tarixində Arif Məlikov dünyasını dəyişdi. Sevimli həyat yoldaşının itkisi Esma xanım üçün ağır zərbə oldu. Ömrünün son saatlarına qədər Arif Məlikov öz həyat yoldaşını sevərək qoruyurdu, bir neçə saatlıq ondan ayrılanda belə mütləq Esma xanımın səsini eşitmək üçün ona zəng edirdi. Bir dəfə Arif Məlikovun vəfatından sonra Esma xanım “Biz onunla bərabər bu dünyadan köçməli idik...” dedi. Onların birliyi və ümumiyyətlə bütün həyat hekayəsi ölməz sevgi haqqında əfsanənin bu dünyadakı canlı təzahürü idi.

Arif Məlikovun ölümündən sonra Esma xanım birgə həyatlarından olan epizodları tez-tez xatırlamağa başlamışdı. Bu xatirələri danışmağa başlayanda hamı nəfəs dərmədən ona qulaq asırdı. O, ciddi mövzuları çox böyük ustalıqla zarafat və müdrik fikirlərlə əvəz edirdi. Taleyin ona bəxş etdiyi bütün zərbələrə rəğmən Esma xanım öz həyatsevərliyini qoruyub saxlaya bilmişdi. Bir neçə kəlmə ilə o, insanın əhvalını dəyişə bilər, ən vacib anda isə lazımlı məsləhət verə bilərdi.

Heç bir şey Esma xanımın güclü xasiyyətini qıra, onun iti ağlını, müdrikliyini, həmçinin gözəlliyini kölgəyə sala bilməmişdi. Esma xanım bundan sonra da insanların yaddaşında qeyri-adi parlaq şəxsiyyət kimi qalacaqdır...

Əminə MƏLİKOVA
19.11.2020