“Humay” Milli mükafatının 2020-ci il üçün müxtəlif nominasiyalar üzrə laureatları elan olunub.
Təltif olunan sənətçilər sırasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri də var. Əməkdar artist Nigar İbrahimova milli xoreoqrafiya sənəti, Əməkdar artist Arzu Əliyeva və gənc muğam ustası Aytən Məhərrəmova isə muğam sənəti sahəsində uğurlarına görə mükafata layiq görülüblər.
Nigar İbrahimova teatrın balet truppasının aparıcı solistidir. Repertuardakı əksər tamaşalarda aparıcı partiyaları ifa etməklə yanaşı, milli balet sənətimizi ölkə hüdudlarından kənarda da uğurla təmsil edir. Prezident mükafatçısıdır.
Əməkdar artist Arzu Əliyeva və “Muğam” televiziya müsabiqəsinin laureatlarından olan Aytən Məhərrəmova teatrın teatrın repertuarındakı milli opera tamaşalarında böyük uğurla çıxış edir, eyni zamanda bir sıra xarici ölkələrdə muğam sənətimizi təbliğ edirlər.
Bu il Akademik Opera və Balet Teatrının üç aparıcı solistinin “Humay” mükafatına layiq görülməsi, heç şübhəsiz ki, kollektivin peşəkar və yaradıcı imicinin göstəricisidir.