Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarda Azərbaycanın tarixi-mədəni irsinə qarşı həyata keçirilmiş talan, dağıdılan mədəniyyət ocaqları, saxtalaşdırmaya məruz qalan və mənimsənilən abidələr haqqında silsilə məlumatlar Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihədə ictimaiyyətə təqdim olunur.

Layihə çərçivəsində növbəti material Füzulidəki Hacı Ələkbər məscidinə həsr edilib.

Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbəlayı Səfixanın ilk işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbəlayı Səfixan Qarabağinin işidir” sözləri yazılıb. Kitabədə məscidin tikilmə tarixi də – hicri təqvimi ilə 1307-ci il – göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.

1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi də yararsız hala düşüb. Bu günlərdə zəfərlə başa çatan Vətən müharibəsində, işğal altındakı digər torpaqlarımız kimi, Füzuli şəhəri də azad edilib. Azad olunmuş torpaqların dirçəldilməsi ilə bərabər irs nümunələrimiz, abidələrimiz də bərpa olunacaq.

Qeyd edək ki, “Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsi çərçivəsində hazırlanan məlumatlar müxtəlif dillərdə internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılır.