Dekabrın 8-də tanınmış bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Tofiq Bakıxanovun 90 illik yubileyi tamam olur.

Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə dəyərli əsərlər bəxş edib. Bəstəkarın “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları ilə yanaşı, digər əsərləri də musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutub. Tofiq Bakıxanovun əsərləri müxtəlif ölkələrdə rəğbətlə qarşılanıb.

Yubiley münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Görkəmli bəstəkar Tofiq Bakıxanov” adlı sərgini virtual rejimdə istifadəçilərə təqdim edib.

Kitabxanadan bildirilib ki, virtual sərgidə bəstəkar haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Tofiq Bakıxanovun müəllifi olduğu kitablar, eləcə də həyat və yaradıcılığına dair nəşrlər, məqalələr, fotolar nümayiş olunur. Virtual sərgidə təqdim olunan materiallar tam mətnləri ilə verilib.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər:

http://anl.az/el/vsb/Gorkemli_bestekar_Tofiq_Bakixanov/index.htm