Paytaxtın ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Qarabağ Azərbaycandır!” adlı onlayn intellektual müsabiqə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin tarixi, mədəniyyəti, coğrafiyası, tanınmış şəxsiyyətləri, tarixi abidələri barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması müsabiqənin əsas hədəflərindən biridir.

Üç mərhələdən ibarət müsabiqənin I mərhələsi (məktəbdaxili mərhələ) 10-15 dekabr tarixlərində keçiriləcək. Bu mərhələdə hər məktəb üzrə ən yüksək nəticə əldə etmiş bir nəfər seçilərək müsabiqənin II mərhələsinə təqdim olunacaq. İkinci mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə dekabrın 16-22-də təşkil olunacaq. Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin dekabrın 23-30-da keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq.

Qeyd edək ki, müsabiqənin əsas mövzuları Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, İkinci Qarabağ müharibəsi, işğaldan azad olunmuş bölgələrin tarixi, mədəni irsi, coğrafiyası və Azərbaycanla bağlı ümumi dünyagörüşüdür.