Müsəlman, xristian, yəhudi dini məbədlərində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Ölkə Prezidentinin müvafiq sərəncamı ilə dekabrın 4-də keçirilən Vətən müharibəsi şəhidlərini anım mərasimləri Azərbaycan cəmiyyətinin bütün kəsimlərinin, fərqli dini və etnik-milli mənsubiyyətə rəğmən, birlik və həmrəylik içində olduğunu bir daha nümayiş etdirdi. Şəhidlərin əziz xatirəsi bütün ölkə üzrə bir dəqiqəlik sükutla yad olundu.

Həmin gün ölkəmizdəki müsəlman, xristian, yəhudi dini məbədlərində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi mərasimlərlə anıldı. Məscidlərdə, kilsə və sinaqoqlarda çoxmillətli, multikultural, tolerant cəmiyyətli Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxundu.

Ölkəmizin bütün məscidlərində olduğu kimi, Bakıdakı Heydər məscidində də Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib. Məsciddə vəhdət namazı qılınıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər çalaraq tarixdə yeni səhifə açdı: “Vətən yolunda şəhid olanlar Allah yanında ən yüksək məqamdadır. Həm Birinci Vətən müharibəsi, həm də İkinci Vətən müharibəsi dövründə şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin. Sünni və şiə məzhəbində olanlar bu gün şəhidlərimizin ruhuna birlikdə vəhdət namazı qılaraq dualar edirlər”.

Şeyxülislam xatırladıb ki, ulu öndər Heydər Əliyev Kəbədə olarkən torpaqlarımızın işğaldan azad edilməsi üçün dualar edib. Prezident İlham Əliyev ulu öndərin vəsiyyətini yerinə yetirdi, torpaqlarımız işğaldan azad olundu.

***

Bakıdakı Müqəddəs Məryəm katolik kilsəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsi yad edilib. Azərbaycanda Katolik kilsəsinin apostol prefekturasının ordinarisi Vladimir Feketenin iştirakı ilə keçirilən mərasimdə dini ayinlər icra edilib, şəhidlərin ruhuna dualar oxunub.

Vladimir Fekete jurnalistlərə bildirib ki, bu kədərli, eyni zamanda, əlamətdar gündə müsəlmanlar, xristianlar, yəhudilər Vətən müharibəsi şəhidlərinin xatirəsini birgə anırlar.

“Biz Allahın xeyir-duası ilə əta olunmuş birlik və həmrəyliyimizi gələcək nəsillər üçün qoruyub saxlamağa borcluyuq. Katolik Kilsəsi Azərbaycanın hakimiyyət orqanlarına, şəxsən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, eləcə də bütün dini icmaların liderlərinə xalqın birliyinin qorunması və möhkəmləndirilməsində müstəsna roluna görə minnətdardır. Biz əminik ki, son söz ölümün deyil, həyatın olacaq”, - deyə o vurğulayıb.

Katolik kilsəsinin apostol prefekturasının ordinarisi Azərbaycan xalqına sülh və rifah arzulayıb.

***

Bakıda Avropa yəhudiləri sinaqoqunda da Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib.

Azərbaycanın aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqalın iştirakı ilə dini ayinlər yerinə yetirilib, şəhidlərin ruhuna dualar oxunub. Şneor Seqal bildirib ki, biz şəhidlərimizin xatirəsi üçün bugünkü ibadətlə kifayətlənməməliyik. O deyib: “Onlar bizə Qələbə bəxş etdilər, torpaqlarımızı işğaldan azad etdilər və biz oraya qayıda bilərik. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir şəhidin xatirəsi bizim üçün əzizdir”.

Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski deyib: “Bu gün biz torpaqlarımızın azadlığı uğrunda həyatını qurban verən əsgərlərimizin xatirəsi qarşısında ailələrimizlə, yəhudi qardaşlarımızla birgə baş əyirik. Prezident İlham Əliyevin rəhbərliyi altında bizim rəşadətli Ordumuz işğalçıları torpaqlarımızdan qovdu. Bütün ölkə Vətənimizin azadlığı uğrunda canından keçən övladlarımızın, oğullarımızın ruhu qarşısında baş əyir”.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev qeyd edib ki, şəhidlərin canı, qanı bahasına başa gələn bu şanlı Qələbə bizi bütün dünya xalqları qarşısında başıuca etdi. Bu gün 30 ildir həsrətində olduğumuz torpaqlarımızın vüsalına yetişmişik: “Bir gözümüz hüznlü, digər gözümüz sevincli ola-ola biz bu günü qeyd etməliyik ki, gələcək nəsillərə nümunə olsun”.

***

Vətən müharibəsində canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş daha bir anım mərasimi Bakıdakı Müqəddəs “Mirodaşıyan qadınlar” kafedral kilsəsində də keçirilib.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein (Aleksandr ata) jurnalistlər qarşısında çıxış edib. Vurğulayıb ki, rəşadətli Azərbaycan döyüşçüləri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müqəddəs borclarını yerinə yetiriblər. Vətənimizin torpaqlarını çoxillik işğaldan azad etmək naminə canlarından keçmiş bu igidlərin xatirəsi əbədi yaşayacaq.

Arxiyepiskop vurğulayıb ki, Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələri bu ölkəni özləri üçün doğma ev hesab edir, ona görə də milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin hər bir vətəndaşı son damla qanına qədər öz Vətənini qorumağa hazırdır.

Daha sonra arxiyepiskop Aleksandr və baş keşiş Leonid Miltıxın iştirakı ilə şəhidlərin xatirəsinə dualar oxunub.