Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək. Qələbə paradında 3000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri nümayiş etdiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müharibə zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi texnika da nümayiş olunacaq.

Dekabrın 8-də Azadlıq meydanında paradın məşqi olub, həmçinin paradda iştirak edəcək Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri hazırlıq məqsədilə uçuşlar keçiriblər.