Prezident İlham Əliyev dekabrın 9-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusuna “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 83 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları “Zəfər” və “Qarabağ” ordenləri ilə təltif ediliblər. “Zəfər” ordeninə  33 nəfər, “Qarabağ” ordeninə 204 nəfər layiq görülüb.

Prezidentin digər sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə 3 nəfərə  “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (Sərəncamların mətnləri səhifə 4-də).

Qeyd edək ki, noyabrın 26-da Milli Məclisdə qəbul olunan və Prezident tərəfindən təsdiq edilən qanuna əsasən, Vətən müharibəsində Qələbə münasibətilə Azərbaycan Respublikasının yeni medalları da təsis edilib. Yeni medallar bunlardır: “Cəsur döyüşçü”; “Döyüşdə fərqlənməyə görə”; “Suqovuşanın azad olunmasına görə”; “Cəbrayılın azad olunmasına görə”; “Xocavəndin azad olunmasına görə”; “Füzulinin azad olunmasına görə”; “Zəngilanın azad olunmasına görə”; “Qubadlının azad olunmasına görə”; “Şuşanın azad olunmasına görə”; “Kəlbəcərin azad olunmasına görə”; “Ağdamın azad olunmasına görə”; “Laçının azad olunmasına görə”; “Vətən müharibəsi iştirakçısı”; “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”.