Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu ölkənin mədəniyyət, turizm və əntiq əşyalar naziri Hassan Nazim ilə görüşüb.

Görüşdə N.Məmmədov Azərbaycanın tarixi, dini və mədəni köklərlə bağlı olduğu İraq ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.

Qeyd olunub ki, iki ölkə arasında imzalanmış sənədlər, o cümlədən “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə İraq Respublikası Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu” bu əlaqələrin perspektivləri üçün mühüm zəmin yaradır.

Hassan Nazim Azərbaycanın 30 ilə yaxın işğal altında olmuş ərazilərinin azad olunması münasibətilə təbriklərini çatdıraraq, gələcəkdə bu bölgədə sülh içində həyatın davam etməsini arzu edib.

Nazir İraq və Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu və gələcək əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcudluğunu vurğulayıb.

Görüşdən sonra müvəqqəti işlər vəkili Nəsir Məmmədov İraq Milli Muzeyi ilə tanış olub.