Almaniyanın ZDF telekanalında Azərbaycanın işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarından reportaj yayımlanıb.

Kanalın müxbiri Yörq Braze Azərbaycanın 1990-cı illərdə itirdiyi əraziləri bu yaxınlarda müharibə nəticəsində geri qaytardığını bildirir. O, Ağdam və Füzuli rayonlarında yerli sakinlərlə söhbət edib. Həmin sakinlərdən biri, hələ Birinci Qarabağ müharibəsində iştirak etmiş Hamlet İbrahimov ermənilərin bu ərazilərdə törətdiyi vəhşiliklərdən və Vətən müharibəsinin gedişindən bəhs edir. İyirmi səkkiz il bundan əvvəl Qarabağda ermənilərə qarşı döyüşmüş Hamletin indiki məmnuniyyəti göz qabağındadır. O, müharibədə qənimət götürülmüş iki erməni tankını  göstərərək deyir: “Baxın, mərmilər də içəridədir, biz tankları bütün sursatı ilə birgə ələ keçirmişik. Ermənilər nələri var idisə, atıb qaçıblar”.

Reportajda Ağdam şəhərinin dağıntıları da göstərilir. Jurnalist qeyd edir ki, razılaşmaya əsasən Azərbaycanın döyüşsüz nəzarətə götürdüyü üç rayondan biri Ağdamdır. Rayonun mərkəzi “ruhlar şəhəri” təəssüratını yaradır. Bura 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmiş, yerli əhalisi tərk etdikdən sonra talan olunmuş və indiyədək kimsənin yaşamadığı bir ərazidir. Bu şəhəri, həmçinin “Qafqazın Xirosiması” adlandırırlar.

Reportajda vurğulanır ki, 27 ildən sonra geri qayıdan Ağdam sakini Məryəm İsmayılova da qürurludur. O, məscidin minbərindən öz yaşadığı məhəlləsini göstərir və evlərinin tamamilə dağıdıldığını söyləyir. Bildirir ki, şəhərdə yeganə salamat qalan tikili məsciddir. M.İsmayılova göz yaşları içində deyir ki, vaxtilə Ağdam çox gözəl şəhər olub, lakin indi həmin gözəllikdən əsər-əlamət qalmayıb. O qeyd edir ki, ermənilər şəhərə hücum edəndə evlərindən heç nə götürə bilməyib, bütün əşyalarını orada qoyaraq canlarını xilas etməyə çalışıblar. Qardaşı və həyat yoldaşı həmin vaxt yaralanaraq itkin düşüblər, onlardan indiyədək heç bir xəbər yoxdur. Onlar minlərlə itkin düşəndən yalnız ikisidir: “O vaxt bizi niyə öldürürdülər, mənim həyat yoldaşımın günahı nə idi? Oğlum mənə ermənilərin əsirləri qətlə yetirdikləri videoları göstərir. Haradan bilim, bəlkə mənim də həyat yoldaşımı o cür işgəncələrə məruz qoyub və qətlə yetiriblər?”.

Reportajda deyilir ki, 1990-cı illərə aid digər bir “ruhlar şəhəri” olan Füzulidə Hamlet dağıdılmış məscidin xarabalığı arasında gəzişir. O, alman jurnalistə vaxtilə Ağdam məscidi böyüklükdə olan Füzuli məscidinin yerini və həmin məsciddən qalan minarənin qalığını göstərir: “Bu məscidin minarəsi də Ağdam məscidinin minarəsi kimi hündür olub. Lakin ermənilər onu məhv ediblər”.

Sonda müxbir hələ müharibənin acısının təzə olduğunu və ətrafda dağıntıların çox olduğunu qeyd edir.