9-10 dekabr tarixində Cənubi Asiya ölkələrinin iştirakı ilə keçirilən “Travel Meet Asia 2020” virtual sərgisində Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən Qarabağ və onun turizm imkanları təbliğ edilib.

ATB-nin qatıldığı daha bir virtual tədbirdə – “Tour Expo Tourism Fair” sərgisində də Azərbaycanın Qarabağ bölgəsinin turizm potensialı diqqətə çatdırılıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirlər çərçivəsində keçirilmiş görüş və vebinarlarda iştirakçılara Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş ərazilərin turizm imkanları haqda məlumat verilib.

“Travel Meet Asia” roudşousuna 300-ə yaxın xarici turizm təşkilatı ilə birgə Azərbaycanı təmsil edən 6 turizm şirkəti qatılıb. ATB əməkdaşları ümumilikdə 12-dən çox şirkətlə onlayn görüş keçiriblər.

“Tour Expo Tourism Fair” sərgisində isə Özbəkistanın 150-ə yaxın turizm şirkəti təmsil olunub. ATB tərəfindən ümumilikdə 16 B2B (Biznesdən-biznesə) formatlı görüş baş tutub.

Virtual görüşlərdə Azərbaycanda müalicəvi turizm məhsullarına maraq ifadə olunub, həmçinin birgə turların təşkilinin zəruriliyi qeyd edilib.