Vətən məhəbbəti ən ülvi hissdir. Vətəni sevmək Tomris mərdliyini, Cavanşir yenilməzliyini, Dədə Qorqud hikmətini, Nizami poeziyasını, Tusi elmini, Füzuli kədərini, Koroğlu cəngisini, Xətainin qılınc və qələmini, Babək cəsarətini, Nəsimi qətiyyətini, Üzeyir musiqisini, Səməd Vurğun şeiriyyətini sevmək deməkdir. Vətən bizim varlığımız, qürurumuzdur. Vətən uğrunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Torpaq-uğrunda ölən varsa, Vətəndir!

Respublika Gənclər Kitabxanası vətənpərvərlik ruhlu virtual layihələrini davam etdirir. Kitabxananın yeni layihəsi “Haradan başlanır Vətən?” adlanır.

Layihə gənclərimizdə Vətənə sevgi, torpağa bağlılıq aşılamaq, onları Azərbaycanın qədim tarixi, füsunkar təbiəti, şanlı qələbə yolu haqda məlumatlandırmaq məqsədi daşıyır.

Layihə çərçivəsində kitabxananın əməkdaşları Cəbrayıl, Fizuli, Laçın, Şuşa, Ağdam, Kəlbəcər və s. rayonlarımız haqqında videoçarxlar hazırlayıblar. Videoçarxlarda rayonlar, bütövlükdə Azərbaycanın Qarabağ bölgəsi haqqında faydalı məlumatlarla n materiallar təqdim olunub.

İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan videomateriallara kitabxananın “Instagram” səhifəsindən baxa bilərlər. Layihə uğurla davam etdirilir və yerləşdirilən materiallar “bəyənmə” saylarına görə ön sıralardadır.