Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı tarixi zəfərlə yekunlaşan Vətən müharibəsinə həsr olunub.

Proqramın müəllifi və aparıcısı, Türkiyədə yaşayan soydaşımız Səidə Ömər hər həftə yayımlanan proqramın bu buraxılışının onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

O deyib: “Hər həftə vətənim Azərbaycanı Türkiyə vətəndaşları ilə yanaşı qardaş ölkəni ziyarətə gələn turistlərə də tanıtmaq imkanı əldə edirəm. Lakin budəfəki proqram mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi qələbə haqqında danışmaq çox qürurverici bir hissdir”.

Proqramda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı möhtəşəm zəfərdən, bu qalibiyyət naminə Azərbaycan xalqının düşmənə qarşı yumruq kimi birləşməsindən bəhs olunub. Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana dəstəyi xüsusi vurğulanıb.

“Bu müharibədə hər kəs öz silahı ilə döyüşdü. Mənim də silahım bu proqramdır. Gücüm yetdiyi qədər səsimizi media vasitəsilə dünyaya çatdırmağa çalışdım”, – deyə “Azərbaycan rüzgarı”nın müəllifi bildirib.